Balanslı qidalanma məhdudiyyətlərsiz arıqlamağa kömək edir

Balanslı qidalanma məhdudiyyətlərsiz arıqlamağa kömək edir
Redaktor.az xəbər verir ki, bu barədə məşqçi, dietoloq Kseniya Kurmançuk məlumat verib.
“Balanslı qidalanma – stresssiz və məhdudiyyətsiz formada sağlamlıq və incə bədən quruluşuna aparan əsas yoldur. Bu, bütün əsas qida maddələrinin zülalların, yağların və karbohidratların düzgün mənbələrdən və uyğun nisbətlərdə qəbulunu nəzərdə tutur”, – deyə o bildirib.
Kurmançukun sözlərinə görə, yağsız ət, balıq, yumurta, dəniz məhsulları və paxlalılarda olan zülallar toxluq hissini daha uzun müddət saxlayır. Bu məhsullar boşqabın dörddə birini təşkil etməlidir.
Nutrisioloq vurğulayıb ki, rasionda karbohidratlar da mütləq olmalıdır. Ən yaxşı seçim kompleks (yavaş sorulan) karbohidratlardır – onlar bədənə enerji verir və əhvalı sabit saxlayır. Onların əsas mənbələri – qarabaşaq, düyü kimi taxıllar, tərəvəzlər və meyvələrdir. Onlar da boşqabın təxminən dörddə birini təşkil etməlidir.
Kurmançukun fikrincə, qida rasionunun yarısını isə tərəvəzlər və lif (selauloza) təşkil etməlidir.
Ekspert eyni zamanda yağların da hormonlar, dərinin sağlamlığı və enerji üçün vacibliyinə diqqət çəkib. Yağları rasiona souslar, qoz-fındıq və ya zeytun yağı şəklində əlavə etmək olar.
O,gündə 3-4 dəfə yeməyi və tələsik atışdırmalardan uzaq durmağı məsləhət görür. O həmçinin su balansının qorunmasının vacibliyini qeyd edib: günü bir stəkan su ilə başlamaq və yeməklərdən əvvəl yarım stəkan su içmək tövsiyə olunur.
Bundan əlavə, nutrisioloq insanlara yeməyə görə özlərini günahlandırmamağı tövsiyə edib.
“Qidaları ‘yaxşı’ və ‘pis’ olaraq bölməyin. Əgər pizza yemisinizsə, özünüzü danlamayın və aclıqla cəzalandırmayın. Sadəcə, əvvəlki rasionunuza qayıdın. Bədəninizi sevin və ona hörmət edin bu, həm əhvalın pozulmasının, həm də yeməkdən imtina hallarının qarşısını alacaq”, – deyə o bildirib.
Sonda isə ekspert fiziki aktivliyi həyat tərzinə daxil etməyi tövsiyə edib. Kurmançukun sözlərinə görə, balanslı qidalanma fonunda həftədə 2-3 dəfə (evdə və ya açıq havada) idman etmək kifayətdir. Buraya həm güc məşqləri, həm də dartınma hərəkətləri daxil olmalıdır. Gün ərzində aktiv qalmaq da vacibdir.
Xədicə BAXIŞLI