Demensiya dərmanları bu səbəbdən təsir etmir - Alimlərdən açıqlama

Amerikalı biokimyaçılar nevrodegenerativ xəstəliklər və autoimmun pozuntular üçün ümidverici sayılan H-151 adlı dərman preparatının insan hüceyrələrində niyə effekt vermədiyini müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu Nature Chemical Biology jurnalında dərc olunub.
Məlum olub ki, H-151 molekulu STING (Stimulator of Interferon Genes) adlı immun sistem zülalını hədəf alır və siçanlarda uğurla işləsə də, insan hüceyrələrində effektiv deyil. Stanford Universitetinin professoru Linyin Li izah edib ki, insan STING zülalında H-151-in bağlana biləcəyi xüsusi "cib" quruluşu yoxdur, bu isə dərmanın insanlarda təsir etməsini qeyri-mümkün edir.
Alimlərin fikrincə, STING-in artıq aktivləşdirilməsi immunitetin həddindən artıq işləməsinə və orqanizmin öz hüceyrələrinə hücum etməsinə səbəb ola bilər. Məhz bu səbəbdən Li və komandası STING yolunu aktivləşdirmək yerinə onu əngəlləmək strategiyasını seçiblər.
Araşdırma zamanı məlum olub ki, STING-in aktivləşməsi üçün zülal molekullarının oliqomerizasiya adlanan birləşmə prosesi vacibdir. Alimlər bu prosesi dayandıran və STING-in aktivləşməsinin qarşısını alan yeni bir molekul modeli hazırlayıblar. Bu kəşf, autoimmun və iltihabi xəstəliklərin müalicəsi üçün selektiv STING inhibitorlarının inkişafına yol aça bilər.
“STING-in düzgün şəkildə birləşməsi lazımdır ki, işləsin. Bu da onu təsadüfi aktivləşmədən qoruyan sistem halına gətirir. Bizim tapıntımız onun niyə bu qədər 'ehtiyatlı' aktivləşdiyini izah edir və bu prosesi necə tənzimləyə biləcəyimizi göstərir,” – deyə tədqiqatın həmmüəllifi Rebekka Çan bildirib.
Tədqiqatçılar gələcəkdə bu yanaşmanı kliniki müalicəyə uyğunlaşdırmağı və demensiya, iltihab və autoimmun xəstəliklərə fokuslanmağı planlaşdırır.
Qeyd edək ki, daha əvvəl alimlər xərçəng hüceyrələrinin yayılmasını dayandıran təbii maddə də aşkarlamışdılar.
Nuriyyə NATİQQIZI