Kişilərdə yaşlanmanı gecikdirən 6 QİDA

 13:20 07.07.2025     113

Yeni elmi araşdırma kişilərdə yaşlanma prosesini yavaşlada biləcək altı bitki mənşəli qidanı müəyyən edib.

Redaktor.az xəbər verir ki, “Aging” adlı elmi jurnalda yayımlanan tədqiqatın nəticələrinə görə, bu qidalar insanın xronoloji yaşından çox, hüceyrə yaşını əks etdirən epigenetik yaşı azaldaraq bioloji saatı geriyə çevirə bilər.

Araşdırmada iştirak edən 50–72 yaş arası 48 sağlam kişi üzərində aparılan müşahidələr, metil adaptojenlər adlı təbii maddələrin orqanizmdə yaşlanma prosesini yavaşlatmaqda təsirli olduğunu göstərib. Bu maddələr əsasən bitki mənşəli qidalarda olur.

Epigenetik yaşı azaltmaqda faydalı hesab edilən 6 qida belədir: Yaşıl çay, oolong çayı, zəncəfil, bibəriyyə, sarımsaq, qırmızı meşə meyvələri (çiyələk, moruq, böyürtkən və s.).

Mütəxəssislər bildirir ki, bu araşdırma epigenetik yaşlanma ilə qidalanma arasında əlaqəni anlamaq üçün başlanğıc nöqtəsidir. Gələcəkdə bu sahədə daha geniş və müxtəlif iştirakçı qrupu ilə aparılacaq araşdırmaların nəticələri daha ümumiləşdirilə bilən olacaq.

Bitki əsaslı qidalanma və veganlıq 2010-cu illərdən etibarən daha geniş yayılmağa başlasa da, xüsusilə ABŞ-da ətə olan maraq yenidən artmaqdadır.

The New York Times qəzetinin aprel ayında dərc etdiyi “Ət yenidən süfrələrdə və siyasətdə” adlı məqaləsində qeyd olunur ki, amerikalıların illik ət istehlakı 2022-ci ildə azalsa da, 2024-cü ildə yenidən artaraq 104,6 milyard dollarla rekord səviyyəyə çatıb.

Ekspertlər bildirirlər ki, əhalinin əksəriyyəti hələ də zülal ehtiyacını daha asan şəkildə ət məhsullarından qarşılamağa üstünlük verir. Bununla belə, yeni elmi tədqiqatlar bitki mənşəli qidaların sağlamlıq baxımından vacibliyini bir daha ortaya qoyur.

Nuriyyə NATİQQIZI