Sümük inkişafında qidalanmanın rolu - Fizioterapevt AÇIQLADI

"Sümük inkişafında qidalanmanın rolu böyükdür. Xüsusilə uşaqların inkişaf dövründə balanslaşdırılmış qida və vitamin qəbulu sümük-əzələ sisteminin sağlam şəkildə formalaşması üçün olduqca vacibdir. Düzgün qidalanma birbaşa olaraq sümük inkişafına təsir göstərir və bu prosesdə bir çox mikroelement və vitaminlərin rolu əvəzolunmazdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında fizioterapevt Afaq Salamova sümüklərin inkişafında qidalanmanın rolundan danışarkən bildirdi.
"Bildiyimiz kimi, kalsi sümüyün əsas tikinti materialıdır. Onun orqanizmdə düzgün şəkildə mənimsənilməsi və sümük toxumasına daxil olması üçün D vitamini olduqca önəmlidir. D vitamini kalsinin sorulmasına kömək edir və çatışmadığı halda bu maddə orqanizmdə tam mənimsənilmir. Nəticədə isə uşaqlarda rəxit kimi xəstəliklər yarana bilər. Bundan əlavə, fosfor da sümük sisteminin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Fosfor orqanizmə pendir, balıq, yumurta, ət, badam, günəbaxan tumu, yulaf, mərci və noxud kimi qidalarla daxil olur", - həkim dedi.
Onun sözlərinə görə, sümük toxumasının formalaşmasında yalnız kalsi və fosfor deyil, eyni zamanda vitamin K da mühüm rol oynayır:
"Bu vitamin kalsinin sümük toxumasına bağlanmasını təmin edir və sümük strukturunun möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, maqnezium və sink kimi mikroelementlər də sümük toxumasının inkişafı və qorunmasında aktiv iştirak edir. Maqnezium ispanaq, qoz, fındıq, badam, banan və paxlalı bitkilərdə, sink isə ət, qaraciyər, yumurta sarısı, dəniz məhsulları və balqabaq tumunda daha çox olur. Ona görə də bu mikroelementlərin normada olması həm uşaqlar, həm də böyüklər üçün həyati əhəmiyyət daşıyır".
A.Salamova dedi ki, qidalanma təkcə sümük sistemi üçün deyil, əzələlərin inkişafı üçün də olduqca vacibdir.
"Zülal əzələ toxumasının əsas quruluş komponentidir və buna görə də hər bir insanın, xüsusilə də uşaqların rasionunda zülal mütləq şəkildə olmalıdır. Zülal ət, süd məhsulları, balıq, yumurta kimi qidalarda bol miqdarda mövcuddur və bu məhsullar pediatrın tövsiyəsi ilə rasiona daxil edilməlidir.
B qrup vitaminləri isə əzələ və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Onlar enerji mübadiləsində iştirak edir və orqanizmin gündəlik funksiyalarını yerinə yetirməsində mühüm rol oynayır. Maqnezium və sink də əzələ və sümük sisteminin normal işləməsini təmin edir, onların funksiyalarının yerinə yetirilməsində əhəmiyyətlidir. Dəmir isə xüsusilə əzələ toxumasının oksigenlə təchizatını yaxşılaşdırır. Dəmir çatışmazlığı zamanı əzələlərdə zəiflik və yorğunluq hissi yarana bilər.
Əgər bu vitamin və minerallar kifayət qədər qəbul olunmazsa, məsələn, D vitamini çatışmadıqda, kalsi orqanizm tərəfindən mənimsənilmir və bu zaman rəxit xəstəliyi əmələ gəlir. Uşaqların rasionunda zülal və digər zəruri qida maddələri az olduqda isə boyun inkişafı ləngiyir və boy atma prosesi zəifləyir. Buna görə də düzgün və balanslı qidalanma, sümük-əzələ sisteminin sağlam formalaşmasında və ümumi fiziki inkişafda mühüm rol oynayır", - deyə fizioterapevt qeyd etdi.
Xədicə BAXIŞLI