​​Alimlər ölümcül viruslara qarşı ilk dəfə effektiv antitellər hazırladılar

 15:45 08.07.2025     71

Avstraliyanın Kvinslend Universitetindən professor Daniel Votterson və doktor Ariel Ayzasın rəhbərlik etdiyi alimlər qrupu Nipah və Hendra viruslarına qarşı effektiv mübarizə vasitəsi olan nanotellər (nano-antitellər) hazırlayaraq, ciddi elmi uğura imza atıblar.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri nüfuzlu "Nature Structural & Molecular Biology№ jurnalında dərc olunub.

Hazırda bu viruslara qarşı təsdiqlənmiş vaksin və ya müalicə üsulu mövcud deyil. Lakin yeni kəşf edilmiş DS90 adlı nanotellər, virusların insan hüceyrələrinə daxil olmasının qarşısını effektiv şəkildə alır.

Hendra virusu ilk dəfə 1994-cü ildə Avstraliyanın Brisbane şəhərində qeydə alınıb. Virus əsasən atlardan insanlara keçir. Nipah virusu isə hər il Banqladeş və digər Asiya ölkələrində epidemiyalara səbəb olur. Onun əsas daşıyıcıları meyvəyarasa növləridir. Yeni kəşf edilən DS90 nanotelləri, alpaka adlı heyvanın immun hüceyrələrindən əldə edilib. Bu nanotellər ənənəvi antitellərlə müqayisədə on dəfə daha kiçik olub, virusun çətinliklə əldə olunan hissələrinə daxil ola və onu neytrallaşdıra bilir.

"Nanotellər həm daha dayanıqlıdır, həm də yüksək temperaturda daha sabit qalır. Onları istehsal etmək daha asandır. Bu xüsusiyyətlər onların gələcəkdə praktik istifadəsi üçün böyük ümid yaradır," - deyə doktor Ariel Ayzas bildirib.

Laboratoriya sınaqları DS90-nın virusları hüceyrəyə daxil olmadan neytrallaşdırdığını təsdiqləyib. Alimlər indi bu nanotelləri m102.4 adlı digər antitellə birgə istifadə edərək təhlükəli mutasiyaların qarşısını almaq istiqamətində tədqiqatlarını davam etdirirlər. Bu kombinasiya, xüsusilə Nipah virusunun mutasiyaya uğrayaraq daha ölümcül formaya keçməsinin qarşısını almaq üçün perspektivli hesab olunur.

Tədqiqatçılar növbəti mərhələdə bu nanotellər əsasında hazır tibbi preparatın hazırlanmasına yönələcəklər. Bu dərman gələcəkdə olası Nipah və Hendra epidemiyalarına qarşı təcili müdaxilə vasitəsi kimi istifadə oluna bilər. Bundan öncə, COVID-19 pandemiyası zamanı xəstəliyin ağır keçməsinə səbəb olan gözlənilməz risk faktorları da alimlər tərəfindən müəyyən edilmişdi.

Nuriyyə NATİQQIZI