Körpələr üçün hazırlanan ilk malyariya dərmanı rəsmi təsdiq aldı

 17:16 08.07.2025     69

Körpələr və 5 kiloqrama qədər olan azyaşlı uşaqlar üçün xüsusi olaraq hazırlanmış ilk malyariya dərmanı İsveçrənin rəsmi dərman tənzimləyici qurumu Swissmedic tərəfindən təsdiqlənib.

Redaktor.az "BBC"yə istinadla xəbər verir ki, bu dərman Swissmedic-in test mərhələlərindən uğurla keçərək istifadəyə yararlı sayılıb və bu yaş qrupu üçün rəsmi şəkildə təsdiqlənmiş ilk malyariya müalicə vasitəsi olub.

Yeni dərmanla əvvəlki müalicə üsullarında körpələrdə rast gəlinən doz aşımı riski aradan qaldırılmağa çalışılır. İsveçrə mərkəzli Novartis əczaçılıq şirkəti tərəfindən hazırlanan dərmanın yaxın həftələrdə malyariya hallarının ən yüksək olduğu ölkələrdə, xüsusilə Afrika ölkələrində, qeyri-kommersiya məqsədilə istifadəyə verilməsi planlaşdırılır.

Swissmedic-in rəsmi saytında yayılan açıqlamaya əsasən, dərmanın digər ölkələrdə də təsdiq prosesi tamamlandıqdan sonra qlobal istifadəyə buraxılması gözlənilir. Dərmanın klinik sınaqları və qiymətləndirməsində Burkina Faso, Fildişi Sahili, Kenya, Malavi, Mozambik, Nigeriya, Tanzaniya və Uqanda kimi Afrika ölkələri iştirak edib və dərmanın ilk göndəriləcəyi ölkələr arasında yer alır.

“Coartem Baby” və ya “Riamet Baby” adları ilə tanınan bu dərman Novartis və Malyariya Dərmanları Təşəbbüsü (MMV) adlı qeyri-kommersiya təşkilatının birgə əməkdaşlığı ilə hazırlanıb. Əvvəlki müalicə üsullarından fərqli olaraq bu dərman məhz 5 kiloqramdan yüngül olan körpələr və azyaşlı uşaqlar üçün uyğunlaşdırılıb və təhlükəsiz hesab olunur. Malyariyanın dünyanın ən ölümcül yoluxucu xəstəliklərindən biri olduğunu bildirən MMV rəhbəri Martin Fitchet, düzgün resurs və hədəflənmiş yanaşma ilə bu xəstəliyin aradan qaldırıla biləcəyini qeyd edib.

Dünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına əsasən, malyariya səbəbilə əsasən Afrikada olmaqla 597 min insan həyatını itirib və bu ölümlərin 76 faizi 5 yaşdan kiçik uşaqların payına düşür. Swissmedic öz açıqlamasında qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı da bu dərmanın elmi qiymətləndirmə prosesində fəal rol alıb.

Nuriyyə NATİQQIZI