Paxlanı bişirməzdən əvvəl suda islatmaq şişkinliyin qarşısını ALIR

 08:13 09.07.2025     118

Həkim Mariya Munoz paxlalı bitkilərin sağlam olsa da, tez-tez qaz və şişkinlik kimi xoşagəlməz hallar yaratdığını bildirib.

Redaktor.az xəbər verir ki, "Vanitatis" nəşrinə müsahibəsi zamanı o, bu məhsulları bədən üçün əlavə narahatlıq yaratmadan istehlak etməyin dörd effektiv yolunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, ilk olaraq paxlalı bitkiləri bişirməzdən əvvəl bir neçə saat suda islatmaq lazımdır. Bu, şişkinliyə səbəb olan bəzi maddələrin aradan qaldırılmasına kömək edir. İkinci üsul isə bişirərkən qaz əmələ gəlməsinin qarşısını alan ədviyyatlardan istifadə etməkdir. Buraya zirə, şüyüd, dəfnə yarpağı, zerdeçal və zəncəfil daxildir.

Üçüncü məsləhət lobyanı püreyə çevirməkdir. Munozun fikrincə, bu formada onlar daha asan həzm olunur və bədən tərəfindən daha yaxşı mənimsənilir. Sonuncu üsul isə kombu adlı dəniz yosununun yeməyə əlavə edilməsidir. Bu komponent də qazın qarşısını almaqda təsirli hesab olunur.

Həkim Munoz xüsusi olaraq qeyd edib ki, bu tövsiyələrə əməl etməzdən əvvəl, xüsusən də həzm sistemində problem olan şəxslər mütləq həkimlə məsləhətləşməlidirlər.

Aytəkin TOFİQQIZI