Parkinson xəstəliyinin erkən əlamətləri aşkar edildi

 09:50 09.07.2025     85

Çinli alimlər Parkinson xəstəliyinin diaqnozundan xeyli əvvəl ortaya çıxa biləcək davranış dəyişikliklərini müəyyən ediblər.

Redaktor.az "TrtHber"ə istinadla xəbər verir ki, siçanlar üzərində aparılan tədqiqatda müşahidə olunan qamət pozuntusu (kamburlaşma), şaha qalxma və yerimə tərzindəki dəyişikliklərin, beyindəki müəyyən dopamin neyronlarının itkisi ilə əlaqəli olduğu ortaya çıxıb.

Çin Elmlər Akademiyasının tədqiqatçıları müəyyən ediblər ki, orta beyində yerləşən substantia nigra pars compacta (SNc) adlı bölgədəki dopamin neyronlarının azalması, bu davranışlarda nəzərə çarpan dəyişikliklərə səbəb olur. Bu da Parkinson xəstəliyinin diaqnoz qoyulmadan əvvəl aşkarlanması üçün yeni imkanlar yaradır.

Məlum olan erkən əlamətlər arasında narahatlıq, qoxu duyğusunun itməsi, yuxu pozğunluğu və depressiya yer alsa da, əllərdə titrəmə, üz mimikalarının azalması və yazı üslubunda dəyişiklik kimi simptomlar adətən xəstəliyin daha gec mərhələlərində ortaya çıxır. Bu səbəbdən erkən davranış dəyişikliklərinin izlənməsi xüsusi əhəmiyyət daşıyır.

Tədqiqat çərçivəsində, dopamin neyronlarının tükəndiyi iki fərqli siçan modelində süni intellekt əsaslı davranış analiz sistemindən istifadə olunub. Bu texnologiya sayəsində ənənəvi müşahidə ilə müəyyən edilə bilməyən incə davranış fərqləri aşkar edilib. “Tırmanma” (dik durma cəhdi) kimi hərəkətlər də bu kontekstdə analiz olunub.

Araşdırmada yalnız SNc bölgəsindəki neyron itkisi ilə bu davranışların əlaqəli olduğu, digər dopamin mərkəzi olan ventral tegmental area (VTA) ilə bağlı olmadığı müəyyən edilib. Bu nəticələr, erkən diaqnostikada hədəf alınmalı beyin bölgələrinə dair əhəmiyyətli ipucları verir.

Araşdırmanın müəlliflərindən Xuemei Liu qeyd edib: “Davranış dəyişikliklərini konkret sinir zədələri ilə əlaqələndirmək, Parkinson xəstəliyinin gedişatını daha dərindən anlamağımıza kömək edir. Bu da gələcəkdə müalicə strategiyalarını inkişaf etdirmək üçün imkanlar yaradır”.

Alimlər Parkinson xəstəliyinin erkən mərhələlərini müəyyən etmək üçün qamətin dəyişməsi və bənzər davranışların müntəzəm izlənməsini tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI