Kolbasa şəkərli diabet riskini ARTIRIR

Ultra emal olunmuş qidaların, hətta az miqdarda qəbul edilməsi belə bir sıra xroniki xəstəliklərin inkişaf riskini artırır. Bu nəticə Vaşinqton Universitetinin Sağlamlıq Metriklərinin Qiymətləndirilməsi İnstitutu tərəfindən aparılan genişmiqyaslı tədqiqat zamanı əldə edilib.
Redaktor.az xəbər verir ki, nəticələr "Nature Medicine" jurnalında dərc olunub.
Alimlər 5 milyondan çox insanın iştirak etdiyi onlarla klinik və kohort tədqiqatların məlumatlarını analiz ediblər. Məlum olub ki, gündə cəmi 50 qram emal olunmuş ət məhsullarının (məsələn, kolbasa) istifadəsi 2-ci tip şəkərli diabet riskini 30 faiz, ürəyin işemik xəstəliyinə tutulma riskini isə 15 faiz artırır. Eyni zamanda, gündə 250 millilitr şəkərli içki içmək diabet ehtimalını 20 faiz yüksəldir. Trans yağların isə pəhrizdə cəmi 1 faizlik payı belə əlavə risk yaradır.
Tədqiqatçılar qeyd edirlər ki, bu cür məhsulların istifadəsi az miqdarda olsa belə, daimi və müntəzəm olduqda sağlamlığa ciddi zərər verir. Başqa sözlə, gündəlik bir stəkan qazlı içki belə zərərsiz sayılmamalıdır.
Müəlliflərin fikrincə, əldə olunan nəticələr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin nə qədər aktual olduğunu təsdiqləyir və bu sahədə ictimai tədbirlərin, o cümlədən şəkərli içkilərə vergi tətbiqi və trans yağların istifadəsinə qadağanın vacibliyini göstərir.
Aytəkin TOFİQQIZI