Günəş kremlərinin zərərli tərəfləri VAR

 15:35 09.07.2025     96

Dəriyə zərərli günəş şüalarından qoruyan vasitələr ətraf mühit üçün təhlükə yarada bilər.

Redaktor.az xəbər verir kj, bu barədə Stirling Universitetinin alimləri araşdırma aparıblar.

Müəyyən olunub ki, günəşdən qoruyucu kremlərin tərkibində geniş yayılmış etilheksil metoksisinnamat (EHMC) adlı maddə dəniz suyunda plastikin parçalanma prosesini ləngidir. 

Tədqiqat göstərib ki, plastik dəniz mühitinə düşdükdə üzərində mikroorqanizmlərdən ibarət qoruyucu təbəqə  “plastisfer” əmələ gəlir. Lakin EHMC maddəsi bu təbəqənin tərkibini dəyişdirərək faydalı bakteriyaların yox olmasına səbəb olur. Onların yerini isə Pseudomonas kimi infeksiyalara səbəb ola bilən daha davamlı və potensial təhlükəli mikroorqanizmlər tutur.

Alimlər həmçinin vurğulayıblar ki, bu dəyişiklik nəticəsində mikroblar oksigensiz şəraitdə sağ qalmağa uyğunlaşır. Bu isə plastiğin təbiətdə daha da uzun müddət qalmasına səbəb olur.

Mütəxəssislər bu vəziyyəti “ikiqat çirklənmə” adlandırır və ətraf mühitə təsir göstərən kosmetik vasitələrin tənzimlənməsinin vacibliyinə diqqət çəkirlər. Onların fikrincə, xüsusilə tropik iqlimə və yüksək turist axınına malik olan bölgələrdə bu problem daha ciddi fəsadlar törədə bilər.

Aytəkin TOFİQQIZI