"Blogerlərin "ev reseptləri" dərinin qoruyucu qatına zərər verə bilər" - Dermotoloq

 19:27 09.07.2025     51

Üzdə anidən yaranan sızanaqlar narahatlığa səbəb ola bilir. Bununla bağlı nə dermotoloq, nə də kosmetoloq olan bolgerlər sosial şəbəkələrdə tez-tez sızanaqlara qarşı “ev reseptləri” paylaşırlar.

Bu cür tövsiyələrə nə qədər inanmaq olar? Ümumiyyətlə sızanaqların ev şəraitində müalicəsi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dermotoloq Bəxtiyar Paşayev bildirdi ki, bir çox insan sızanaqlarla mübarizə aparmaq üçün internetdə rast gəldiyi və ya ətrafdakıların tövsiyə etdiyi "ev üsulları"na müraciət edir:

"Limon, diş məcunu, soda, sarımsaq və ya digər təbii komponentlərlə hazırlanan qarışıqlar bəzən dəridə müvəqqəti rahatlama yaratsa da, bu üsulların əksəriyyətinin elmi əsasları yoxdur və təhlükəli nəticələrə səbəb ola bilər. Əvvəla, bu üsulların effektivliyi heç bir dermatoloji araşdırma ilə sübut olunmayıb. Bir insanda müsbət nəticə verdiyi görünən bir vasitə, başqa bir insanda tamamilə əks reaksiya yarada bilər. Bu da onu göstərir ki, hər dərinin tipi və reaksiyası fərqlidir və standart yanaşma düzgün nəticə verməyə bilər".

Dermotoloq qeyd etdi ki, ev üsullarının nəzarətsiz tətbiqi dərinin qoruyucu qatına zərər verə bilər, kimyəvi yanıqlara səbəb ola bilər, allergik təmas dermatiti və digər həssaslıq reaksiyaları yarada bilər.

"Daha ciddi hallarda isə bu müdaxilələr üz dərisində qalıcı ləkələrə və hiperpigmentasiyaya səbəb ola bilər. Belə ləkələr bəzən uzunmüddətli müalicə tələb edir və tam olaraq sağalması mümkün olmur. Unutmaq olmaz ki, üz dərisi çox həssas və fərdi quruluşa malikdir. Onun üzərində edilən hər hansı müdaxilə düşünülmədən həyata keçirilərsə, problem daha da dərinləşə bilər.

Buna görə də sızanaqlar və digər dəri problemləri ilə qarşılaşdıqda, ilk müraciət ediləcək şəxs dermatoloq olmalıdır. Mütəxəssis tərəfindən aparılan dəqiq diaqnoz və fərdi müalicə planı həm dəriyə zərər vermədən problemi aradan qaldıra bilər, həm də uzunmüddətli və dayanıqlı nəticələr verir", - deyə  Bəxtiyar Paşayev vurğuladı.

Xədicə BAXIŞLI