Tükdönmə əməliyyatında narkoz zəruridir? - Professordan AÇIQLAMA

 20:17 10.07.2025     310

Xəbər verildiyi kimi, 1999-cu il təvəllüdlü Sübhan İlham oğlu Hüseynov bel nahiyyəsindən edilən "tükdönmə" əməliyyatı zamanı aldığı narkozdan sonra komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib və 81 gün komada qalandan sonra vəfat edib. Yaxınları isə bildirirlər ki, bu əməliyyat zamanı narkoza ehtiyac yox idi...

Bəs "tükdönmə" nədir? Əməliyyat zamanı narkoza ehtiyac olurmu?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, "tükdönmə", plenaydal sinus – yəni irinləşmiş tük cibi deməkdir:

"Bu vəziyyət əsasən büzdüm nahiyəsində, onurğa sütununun terminal hissəsində yaranır. Adətən tüklər dəriyə yaxın xırda dəliklərə doğru inkişaf edir və həmin sahədə toplanaraq orada irinlənməyə səbəb olur. Nəticədə irinli bir boşluq yaranır. Bu vəziyyət bəzən "dermoid kista" adı ilə də tanınır. Plenaydal sinusun yaranmasına oturaq həyat tərzi, şəxsi gigiyenaya düzgün riayət etməmək, genetik meyillilik və dərinin tük quruluşu kimi amillər səbəb ola bilər".

Həkimin sözlərinə görə, əgər bu irinli boşluq böyükdürsə və dərin toxumaları əhatə edibsə, onun təmizlənməsi üçün ümumi anesteziya – məsələn, endotraxeal narkoz və ya venadaxili narkoz üsulu ilə cərrahi müdaxilə tələb oluna bilər.

"Cərrahi müdaxilə zamanı irinli boşluq tam təmizlənir, ölü toxumalar çıxarılır və zəruri hallarda yara açıq saxlanaraq mütəmadi təmizləmə tələb olunur. Əgər erkən mərhələdə müdaxilə olunarsa, müalicə daha asan və fəsadsız olur. Bu səbəbdən belə əlamətlər hiss edildikdə, həkimə vaxtında müraciət olunması vacibdir", - deyə professor bildirdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən