Ayaqlarımız niyə şişir? - Terapevtdən AÇIQLAMA

Gündəlik həyatımızda dostlarımızdan, qohumlarımızdan və bəzən özümüzdən tez-tez belə sözlər eşidirik: "Ayaqlarım şişib".
Bəs ayaqların şişməsinə səbəb nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-terapevt Nərminə Abbasova qeyd etdi ki, ayaqlarımızda olan şişkinliyin səbəbləri müxtəlifdir:
"Oturaq həyat tərzi, ayaqüstə çox dayanmaq, ürək çatışmazlığı, böyrəklərdə olan infeksion xəstəliklər ayaqların şişməsinə səbəb olan amillərdəndir. Ürək-qan damar sisteminin çatışmazlığı ayaqlarda ümumi şişkinlik yaradır. Damar divarlarının elastikliyi pozulur və damar divarları boşalaraq qanı ürəyə doğru düzgün pompalaya bilmir, nəticədə ayaqlarda maye toplanır. Bu şişkinlik getdikcə arta və ya qalıcı ola bilir. Ona görə də vaxtında düzgün diaqnozla müalicəyə başlamaq lazımdır".
Terapevtin sözlərinə görə, şəkər xəstələrində də ayaq şişkinliyinə tez-tez rast gəlinir.
"Şəkərli diabet nəticəsində sinir ucları və qan damarları zədələndiyi üçün qan dövranı pozulur. Bu da ayaqlarda şişkinliyin yaranmasına səbəb olur. Ayaqlarda olan travmalardan sonra da şişkinliklərə rast gəlmək mümkündür. Bu xəstəlikdə əsas vacib iş həkimin üzərindədir, o, şişkinliyin səbəbini dərindən araşdırmalı və düzgün diaqnozla müalicəni aparmalıdır. Əgər vətəndaş ayaqlarındakı şişkinliyin səbəbini bilmirsə, mütləq şəkildə həkimə müraciət etməlidir", - deyə N.Abbasova bildirdi.
Nuriyyə NATİQQIZI