Uzun müddət oturmaq beynin kiçilməsinə səbəb olur - ARAŞDIRMA

ABŞ-də aparılan yeni bir elmi araşdırma uzun müddət oturmaqla bağlı təhlükəli nəticəni üzə çıxarıb.
Redaktor.az xəbər verir ki, nəticələrə əsasən, uzun müddət oturaq həyat tərzi təkcə fiziki deyil, həm də beyinin quruluşuna mənfi təsir göstərir.
Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetindən alimlərin birgə apardığı tədqiqatda 50 yaşdan yuxarı insanların gündəlik oturma müddətləri ilə beyin sağlamlıqları arasındakı əlaqə öyrənilib. Alimlər qeyd edirlər ki, hərəkətsiz həyat tərzi xüsusilə "alzheimer" olmaqla, demensiyanın müxtəlif formaları ilə əlaqəli ola bilər. Onların fikrincə, təkcə müntəzəm fiziki fəaliyyət kifayət deyil, gündəlik oturaq vaxtın azaldılması da zəruridir.
Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı olan 404 könüllü iştirakçı bir həftə boyunca xüsusi sensorlarla izlənilib. Onların 87%-i həftəlik tövsiyə olunan ən az 150 dəqiqəlik fiziki fəaliyyət normasını yerinə yetirsə də, gün ərzində daha çox oturan şəxslərdə beyin həcminin azaldığı və zehni zəifləmə əlamətlərinin müşahidə olunduğu aşkar edilib. Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Qeyd edək ki, bu bölgə "alzheimer" xəstəliyində ilk zərər görən beyin sahələrindən biridir.
Neyroloq Dr. Marissa Gogniat bildirib: “Alzheimer riskini azaltmaq üçün yalnız idman etmək kifayət etmir. Gündəlik oturma müddətini azaltmaq da bir o qədər vacibdir”.
Araşdırmada oturma ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, daha çox hərəkətsiz həyat tərzinin beyin yaşlanmasını sürətləndirdiyi müşahidə olunub. Genetik olaraq "alzheimer"ə meyilli insanlarda isə bu təsirin daha güclü olduğu müəyyən edilib.
Vanderbilt Universiteti Tibb Mərkəzindən Dr. Angela Jefferson isə bildirib: “Xüsusilə genetik risk daşıyan şəxslər gün ərzində tez-tez oturmaqdan qalxmalı, fasilələr verməlidirlər. Bu beyin sağlamlığı baxımından olduqca vacibdir”.
Mütəxəssislər gündəlik işində uzun müddət masa arxasında oturan və ya ümumilikdə hərəkətsiz həyat tərzi sürən insanların sağlamlıqlarını qorumaq üçün oturma müddətlərini azaltmağa çalışmalı olduqlarını vurğulayırlar.
Nuriyyə NATİQQIZI