Bu saatlarda açıq havada olmaqdan çəkinin - Dermatoloqdan dəri üçün önəmli MƏSLƏHƏTLƏR

 19:19 11.07.2025     134

"Yay mövsümündə havanın temperaturu artdıqca, dəriyə qulluq yanaşmamız da dəyişməli, mövsümə uyğun şəkildə tənzimlənməlidir. Günəşin ultrabənövşəyi şüaları yay aylarında daha güclü olduğundan, dəriyə təsiri də daha aqressiv olur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında dermatoloq Bəxtiyar Paşayev yay aylarında dəriyə qulluqdan danışarkən söylədi.

"İlk növbədə, fotoyaşlanma (günəşin təsirindən yaranan vaxtsız qocalma əlamətləri), hiperpigmentasiya, yəni dəri ləkələri, qırışların dərinləşməsi və dəri xərçəngi risklərinin qarşısını almaq üçün SPF tərkibli günəşdən qoruyuculardan istifadə vacibdir. SPF tərkibli kremlər, dəriyə zərərli şüaların dəriyə nüfuzunun qarşısını alır. Əgər açıq havada çox vaxt keçirirsinizsə, xüsusilə də dəniz və ya hovuzdan istifadə edirsinizsə, qoruyucu kremi hər 2-3 saatdan bir yeniləmək mütləqdir. Çünki su, tərləmə və dəsmal istifadəsi bu kremlərin təsirini azaldır.

İkinci əhəmiyyətli məqam dərinin düzgün nəmləndirilməsidir. Yayda belə, dəri nəmlik ehtiyacını itirmir, əksinə, günəş və yüksək temperatur səbəbindən su balansı daha tez pozula bilər. Burada dəri növünə uyğun nəmləndirici seçimi ön plana çıxır.

Yağlı dəriyə sahib olan şəxslər tez-tez nəmləndirici ehtiyacını gözardı edirlər. Halbuki yağlı dəri də nəmləndirilməlidir. Sadəcə olaraq, bu cür dərilər üçün su əsaslı, yüngül teksturalı nəmləndiricilər seçilməlidir. Yağ əsaslı kremlər məsamələri tıxaya bilər ki, bu da sızanaq, qomedon (qara nöqtə) və dərialtı səpkilərə səbəb ola bilər.

Quru dəriyə malik şəxslər isə əksinə, lipid əsaslı nəmləndiricilərdən istifadə edə bilərlər. Məsələn, hialuron turşusu və ya qliserin tərkibli məhsullar dərinin nəm tutma qabiliyyətini artırır və dəridə elastikliyi qoruyur", - deyə o bildirdi.

Dermatoloq tövsiyə edir ki, günəşin ən zərərli olduğu saatlarda - 11:00-dan 16:00-a qədər, xüsusilə də 15:00-16:00 arasında açıq havada olmaqdan çəkinmək lazımdır. Onun sözlərinə görə, bu saatlarda dəriyə düşən günəş şüaları daha güclü olur və birbaşa təsir nəticəsində dəridə ciddi zədələnmələr baş verə bilər:

"Yay aylarında tərləmə və ətraf mühitdən gələn tozların qarışması, dəri məsamələrini tıxayaraq iltihablı problemlərə səbəb ola bilər. Bu səbəbdən, üzün gündə ən azı 2 dəfə səhər və axşam yüngül, sabunsuz və dəriyə zərər verməyən təmizləyicilərlə yuyulması tövsiyə edilir. Spirt tərkibli və aqressiv maddələrdən ibarət məhsullar, xüsusilə həssas dərilərdə qızartı, quruluq və yanma kimi narahatlıqlar yarada bilər.

Unutmayın ki, dəri bədənimizin ən böyük orqanıdır və bizə sağlamlıq siqnalları göndərən ilk "güzgü" funksiyasını daşıyır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən