Sümük xərçənginin müalicəsi niyə çətindir? - Alimlərdən AÇIQLAMA

Alimlər sümük xərçənginin müalicəyə niyə çətin tabe olduğunu aşkar etdilər.
Redaktor.az xəbər verir ki, Çinin Tuntsi Tibb Kollecinin alimləri sümük xərçəngi osteosarkoma ilə bağlı apardıqları araşdırmalarda bu xəstəliyin niyə bu qədər aqressiv olduğunu və niyə müalicəyə zəif cavab verdiyini müəyyən ediblər. Araşdırmanın nəticələri "Genes & Diseases" (G&D) adlı elmi jurnalda dərc olunub.
Osteosarkoma, əsasən yeniyetmələrdə və gənc yaşlı insanlarda rast gəlinən bədxassəli sümük şişidir. Bu xəstəlik sürətlə yayılmaq (metastaz vermək) qabiliyyəti və müasir terapiya üsullarına zəif reaksiyası ilə fərqlənir.
Alimlərin sözlərinə görə, şişin ətrafında yerləşən mikroətraf mühit- yəni hüceyrədənkənar matriks, damar hüceyrələri, fibroblastlar və digər elementlə- təkcə şişi dəstəkləmir, eyni zamanda onu müalicədən qoruyur və böyüməsini stimullaşdırır.
Araşdırma zamanı məlum olub ki, şiş toxumasının dərinliklərində tez-tez hipoksiya- yəni oksigen çatışmazlığı baş verir. Bu zaman xərçəng hüceyrələri "təhlükəsizlik rejiminə" keçir və ximioterapiyaya qarşı davamlı olurlar. Alimlər bu prosesdə əsas rolu HIF adlı zülalların oynadığını və gələcəkdə bu zülalların müalicə üçün hədəf ola biləcəyini bildirirlər.
Eyni zamanda, immun sisteminin də şişə qarşı düzgün işləmədiyi aşkar edilib. Yəni bəzi immun hüceyrələri xərçəngə qarşı mübarizə aparmaq əvəzinə, onu dəstəkləyir. Bu səbəbdən CAR-T hüceyrə terapiyası və ya "nəzarət nöqtəsi inhibitorları" kimi immunoterapiya üsulları bu növ xərçəngdə gözlənilən effekt vermir.
Hazırda tədqiqatçılar şişin mikroətrafını "təkrar proqramlaşdırmaq", yəni bu müdafiə baryerini dağıtmaq, hipoksiya siqnallarını bloklamaq və immun sistemin düzgün fəaliyyətini bərpa etmək üzərində çalışırlar. Alimlər bunun osteosarkomaya qarşı mübarizədə daha təsirli müalicə yolları açacağını və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını ala biləcəyini qeyd edirlər.
Nuriyyə NATİQQIZI