Alimlər yuxusuzluqla mübarizə aparmağın dörd təsirli yolunu AÇIQLADI

Çinli alimlərin apardığı araşdırmaya görə, yoqa, tay-çi (çin mənşəli "yumşaq" döyüş sənəti), piyada gəzmək və qaçmaq kimi fiziki fəaliyyət növləri yuxusuzluqla mübarizədə effektiv vasitə ola bilər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu BMJ Evidence-Based Medicine jurnalında dərc olunub.
Yuxusuzluq yəni insomniya dünyada ən geniş yayılmış yuxu pozuntularından biridir. Bu vəziyyət depressiya, demensiya (ağıl zəifliyi) və ürək-damar xəstəlikləri riskini artırır. Ənənəvi müalicə üsulları, xüsusilə dərmanlar, bəzi hallarda yan təsirlərə səbəb olur, psixoloji terapiya isə hər yerdə əlçatan deyil.
Alimlər 1348 nəfərin iştirak etdiyi 22 klinik tədqiqatın nəticələrini təhlil edərək alternativ yollar axtarıblar. Nəticələr göstərib ki:
Yoqa ilə məşğul olan şəxslərdə yuxunun ümumi müddəti təxminən iki saat artıb, yuxunun keyfiyyəti yüksəlib və gecə oyanmaları azalıb.
Tay-çi isə yuxuya getmə vaxtını qısaldıb və ümumi yuxu keyfiyyətini yaxşılaşdırıb. Bu qədim döyüş sənəti artıq sağlamlığı qoruma və psixoloji tarazlığı bərpa etmə vasitəsi kimi istifadə olunur.
Müntəzəm piyada gəzmək və qaçmaq da yuxusuzluğun simptomlarını azaltdığı üçün faydalı üsullar kimi göstərilir.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bu fəaliyyətlər əksər insanlar üçün əlçatan, təhlükəsiz və əlavə avadanlıq tələb etməyən üsullardır. Həkimlər gələcəkdə bu sadə fiziki aktivlikləri yuxusuzluğun müalicəsi üçün rəsmi tövsiyələrə daxil edə bilərlər.
Nuriyyə NATİQQIZI