Ağız qoxusunu ev şəraitində aradan qaldırmaq mümkündür

Stomatoloq Sem Cetva bildirir ki, ağız qoxusuna səbəb olan təkcə diş və diş əti xəstəlikləri deyil.
Redaktor.az xəbər verir ki, həkim digər səbəblər haqqında "Daily Mail" nəşrinə danışıb.
Diş həkiminin sözlərinə görə, ağızda bakteriyaların çoxalması qoxunun əsas səbəblərindəndir. Buna isə ağız quruluğu, xüsusilə də yemək qalıqları təmizlənmədikdə, şərait yaradır. Pəhriz də bu məsələdə rol oynaya bilər. Məsələn, süd məhsulları və yüksək proteinli qidalar dildəki bakteriyaları bəsləyən amin turşuları buraxır. Pomidor və sitrus meyvələri kimi turşulu qidalar isə bu bakteriyaların çoxalmasına səbəb olur.
Həkim əlavə edib ki, ağız qoxusunun səbəbi qastroezofagial reflü də ola bilər. Əgər nəfəsdən çürük yumurta iyi gəlirsə, bu, mədə-bağırsaq traktında problemin göstəricisi ola bilər.
Mütəxəssis vurğulayıb ki, bəzi hallarda problemi ev şəraitində də aradan qaldırmaq mümkündür. Bunun üçün gündə bir-iki dəfə diş ipindən istifadə etmək, hər üç ayda bir diş fırçasını dəyişmək, dilin təmizliyinə diqqət yetirmək və mütəmadi olaraq diş həkiminə müraciət etmək tövsiyə olunur. Əgər bütün bunlara baxmayaraq, pis qoxu qalırsa, Cetva terapevtə müraciət etməyi məsləhət görür.
Aytəkin TOFİQQIZI