Meningitə xas olan əlamətlər hansılardır?

Yolxucu xəstəliklər üzrə mütəxəssis Yelena Meskina meningitin təhlükəli xarici əlamətləri haqda məlumat verib.
Redaktor.az xəbər verir ki, o bu haqda 360.ru-ya müsahibəsi zamanı danışıb.
“Bu infeksiyanın xüsusiyyəti ondadır ki, ilk mərhələdə heç kim onun meningokok olduğunu anlamır, çünki o, simptomlarına görə qripə çox bənzəyir”, - deyə həkim qeyd edib.
Bununla belə, meningitə xas olan bəzi əlamətlər var. Mütəxəssisin sözlərinə görə, bunlara 39 dərəcəyə qədər yüksələn və qızdırmasalıcı dərmanlara baxmayaraq azalmayan hərarət, baş hərəkəti zamanı daha da güclənən kəskin baş ağrısı, qusma (hətta bir dəfəlik olsa belə) daxildir. Bundan əlavə, xəstəlik adətən bədənin qapalı hissələrində ombalarda, ayaqlarda, belin aşağı hissəsində, eləcə də üzdə səpgilərlə özünü göstərə bilər.
Meskina bu simptomlar müşahidə olunduqda dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI