Həkimlər yuxusuz gecədən sonra orqanizmin necə bərpa olunacağını açıqlayıblar

 16:56 17.07.2025     88

"The Guardian" nəşrinin məlumatına görə, yuxusuz gecədən sonra ağır idmanla məşğul olmaq, həddindən artıq kofein qəbul etmək və adi vaxtdan daha tez yatmaq orqanizmə mənfi təsir edə bilər.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ-li terapevt Rostislav İqnatov, somnoloq Meqan Layons və psixoloq Marissa Alert öz tövsiyələrini bölüşüblər.

Terapevt İqnatovun sözlərinə görə, yuxusuz gecənin mənfi təsirlərini azaltmaq üçün ertəsi gün düzgün qidalanma vacibdir. O, əsasən tərəvəz, göyərti və yağsız zülallarla (yumurta, toyuq əti, yunan yoqurtu) zəngin yeməkləri tövsiyə edir. Həkim həmçinin şirniyyat və "fast-food" məhsullarından uzaq durmağı məsləhət görür.

Somnoloq Layons kofein qəbulunun yuxusuzluqla mübarizədə köməkçi ola biləcəyini qeyd etsə də, yalnız bir fincan qəhvə ilə kifayətlənməyi tövsiyə edib. Onun fikrincə, qəhvəni yataqdan qalxdıqdan 60–90 dəqiqə sonra, şəkərsiz şəkildə içmək daha faydalıdır:

“Əvvəlcə qəhvə orqanizmi oyadır, lakin çox qəbul olunduqda əks təsir göstərir. Şəkər isə qanda qlükozanın kəskin artmasına səbəb olur, bu da əhval dəyişikliyi və həddindən artıq yeməyə gətirib çıxarır”.

Bundan əlavə, o, yuxusuz gecədən sonra ağır fiziki yükləmələrdən uzaq durmağı, əvəzində yüngül idman, yoga və ya təmiz havada gəzinti ilə kifayətlənməyi tövsiyə edib.

Psixoloq Marissa Alert isə qeyd edib ki, bədən yuxu ritminə öyrəşdiyindən, belə günlərdə adi vaxtdan daha tez yatmaq düzgün deyil. Onun sözlərinə görə, bu cür dəyişikliklər gecə tez-tez oyanma və narahat yuxu ilə nəticələnə bilər.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən