Populyarlaşan "Carnivore" pəhrizi ürək-damar xəstəliklərinə səbəb ola bilər

 11:32 18.07.2025     92

Son dövrlərdə sürətlə populyarlaşan Carnivore (ət əsaslı) pəhrizi ilə bağlı mütəxəssislər ciddi xəbərdarlıqlar edir.

Redaktor.az "HaberGlobal"a istinadla xəbər verir ki, Uzman Dietoloq Çisəm Gündüz, bu pəhrizin xolesterin, ürək-damar xəstəlikləri, qəbizlik kimi problemlərə yol aça biləcəyini və hətta böyrəklərə və skelet sisteminə daimi zərər verə biləcəyini bildirib.

Dietoloq Gündüzün sözlərinə görə, “Carnivore” pəhrizi tamamilə heyvani mənşəli qidalarla qidalanmağa əsaslanır. Bu pəhrizdə əsas yer tutan məhsullar qırmızı ət, toyuq və hinduşqa əti, balıq, yumurta, kolbasa və digər ət məhsullarıdır. Bu qidalanma modeli bütün növ tərəvəz, meyvə, taxıl, paxlalılar və toxumları tamamilə istisna edir, bu səbəbdən bəzi mənbələrdə “sıfır karbohidrat pəhrizi” kimi də tanınır.

Çisəm Gündüz bildirir ki, bu pəhriz bir növ ketogenik pəhriz formasına bənzəsə də, fərqli olaraq heç bir karbohidrata yer verilmir. "Yüksək proteinli qidalanma böyrək funksiyalarını poza, xolesterini artıra və ürək-damar sistemində problemlər yarada bilər. Heyvan mənşəli qidalar doymuş yağla zəngindir, bu isə zərərli LDL xolesterinin yüksəlməsinə səbəb olur. Eyni zamanda osteoporoz (sümük əriməsi) və böyrək daşı riskini də artırır," – deyə Gündüz əlavə edib.

Uzman qeyd edib ki, bu cür pəhriz ilk baxışda cazibədar görünsə də, uzunmüddətli istifadədə qəbizlik və yeməyə qarşı tiksinmə kimi hallara rast gəlinir. “Səhər yeməyində pastırmalı yumurta, axşam isə bonfile cazibədar səslənsə də, bu pəhrizi tətbiq edənlər arasında ən geniş yayılmış mənfi simptom tiksinmə və həzm problemləridir,” – deyə Gündüz vurğulayıb.

Çisəm Gündüz vurğulayıb ki, sürətli arıqlama üçün tətbiq edilən bu cür zülal əsaslı pəhrizlər güzgüdə qısa müddət ərzində nəticə versə də, uzunmüddətli sağlamlıq üçün təhlükəlidir və davamlı deyil. Sağlam qidalanma və düzgün qidalanma vərdişlərinin formalaşdırılması üçün mütəxəssis dəstəyi almaq tövsiyə olunur.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən