Ən faydalı səhər içkisi hansıdır? - Ekspert AÇIQLADI

Səhərlər yuxudan oyandıqdan sonra insanlar fərqli-fərqli içkilərə üstünlük verirlər. Məsələn, limonlu su, yaşıl çay, kofe və s.
Bunlar həqiqətən faydalıdırmı?
Qida eksperti Fərid Səfərov mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, səhər yuxudan oyandıqdan sonra qəbul edilən içkilər orqanizmə müxtəlif cəhətlərdən təsir göstərir.
Onun sözlərinə görə, bu içkilərin faydası onların tərkibi, qəbul qaydası və şəxsin bədən ehtiyaclarına görə dəyişə bilər:
"İlıq limonlu su mədə turşusunu aktivləşdirərək həzmi stimullaşdırır, C vitamini ilə immuniteti gücləndirir. Limonlu su bəzi insanlarda qəbizliyin qarşısını alır. Yaşıl çay metabolizmi sürətləndirə bilər. Yüngül kofein tərkibi ilə enerji verir, amma qəhvədən daha sakit təsir göstərir. Ac qarına içildikdə bəzi insanlarda ürəkbulanma yarada bilər".
Qida eksperti qara çaydan danışarkən bildirdi ki, həddindən artıq içildikdə ürək döyüntüsünü sürətləndirə, təzyiqi qaldıra bilər.
"Qəhvə yüksək kofein ilə beyin funksiyalarını və diqqəti artırır. Ac qarına içildikdə mədə turşusunu artıraraq narahatlıq yarada bilər. Asılılıq və yuxu pozuntuları riski var. Sadə su gecə ərzində itirilən mayeni bərpa edir, maddələr mübadiləsini stimullaşdırır, həzm sistemini oyadır. Ən təhlükəsiz və faydalı variantdır, xüsusilə səhər acqarına ilk olaraq 1 stəkan su içmək tövsiyə olunur".
F.Səfərovun sözlərinə görə, ən faydalı səhər içkisi sadə sudur:
"Ardınca limonlu su, yaşıl çay və qəhvə fərdi ehtiyaclara və sağlamlıq vəziyyətinə görə əlavə oluna bilər. Hər içkinin öz yeri var, amma aç qarına qəbulu və miqdarı düzgün tənzimlənməlidir".
Aytəkin TOFİQQIZI