Bir çox insan bilmədən ayaq sağlamlığına zərər VURUR

Yay aylarında bir çox insan ayaqlarının sağlamlığına bilmədən zərər vurur.
Redaktor.az xəbər verir ki, ispaniyalı podiatrist Manuel Vidal "Vanitatis" nəşrinə verdiyi müsahibədə bu dövrdə edilən üç əsas səhvi açıqlayıb.
Həkimin sözlərinə görə, birinci və ən geniş yayılmış səhv ictimai yerlərdə, xüsusilə hovuz ətrafında ayaqyalın gəzməkdir. Vidal xəbərdarlıq edib ki, belə yerlər bakteriya və göbələklərin sürətlə çoxalması üçün əlverişli mühitdir. Bu da müxtəlif infeksiyalara yoluxmaq riskini artırır.
İkinci səhv isə hamamdan və ya duşdan sonra ayaq barmaqları arasındakı boşluqları yaxşıca qurutmamaqdır. Mütəxəssis qeyd edib ki, patogen mikroorqanizmlər nəmli şəraitdə aktiv şəkildə çoxalır. Bu səbəbdən barmaq aralarının nəm qalması infeksiyalara şərait yarada bilər.
Üçüncü səhv isə çox dar ayaqqabı geyinməkdir.
Vidal bildirib ki, bu, hallux valgus (ayaq baş barmağının deformasiyası) kimi ortopedik problemlərin yaranmasına səbəb ola bilər.
Mütəxəssis yay mövsümündə ayaqların gigiyenasına və düzgün ayaqqabı seçiminə xüsusi diqqət yetirməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI