Qida zəhərlənməsi hansı hallarda baş verir? - Mütəxəssisdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Kürdəmirdə 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Bəs qida zəhərlənməsi hansı hallarda baş verir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eskperti Seymur Qafarov bildirdi ki, qida zəhərlənməsi adətən bir çox hallarda baş verə bilər:
“Qida zəhərlənmələrinin əksəriyyəti bakteriya və viruslardan qaynaqlanır. Bunlara Salmonella, E. coli, Listeria, Campylobacter kimi mikroorqanizmlər daxildir. Bu patogenlər çiy və ya az bişmiş ət, yumurta və süd məhsulları vasitəsilə orqanizmə düşə bilər. Viruslardan isə xüsusilə Norovirus və Hepatit A təhlükəlidir, çünki az miqdarda belə yoluxma üçün yetərlidir”.
Ekspertin sözlərinə görə, qidanın saxlanma şəraiti də mühüm rol oynayır:
“Xüsusilə ət, süd və balıq məhsullarında soyuducu zəncirin pozulması ciddi risk yaradır. Bişmiş yeməklərin uzun müddət otaq temperaturunda qalması, xüsusilə yay aylarında, bakteriyaların çoxalmasına səbəb ola bilər. Eyni zamanda, son istifadə tarixi keçmiş məhsullar qətiyyən istehlak edilməməlidir. Qida ilə işləyərkən şəxsi gigiyena və mətbəx təmizliyi çox önəmlidir. Kirli əllərlə və ya yaxşı təmizlənməmiş alətlərlə qidanın hazırlanması yoluxma riskini artırır. Çarpaz çirklənmə də böyük təhlükədir, məsələn, çiy ətin kəsildiyi lövhədə tərəvəz doğrandıqda. Eləcə də yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsi təhlükəlidir”.
Mütəxəssis qeyd etdi ki, qida məhsullarında kimyəvi maddələrin qalıqları da ciddi sağlamlıq riskləri yarada bilər.
"Bostan məhsullarında nitrat və pestisid qalıqları, həmçinin düzgün tanınmamış göbələklərin istehlakı nəticəsində göbələk zəhərlənmələri baş verə bilər. Eyni zamanda, ev şəraitində düzgün konservləşdirilməyən məhsullarda botulizm təhlükəsi mövcuddur.
Bəzi qida məhsullarında təbii olaraq toksinlər olur. Dəniz məhsullarında histamin və saksitoksin, kiflənmiş məhsullarda isə mikotoksinlər olur. Fındıq, qarğıdalı və qoz kimi məhsullarda isə təhlükəli aflatoksin maddəsi yığıla bilər. Bu kimi məhsullar diqqətlə seçilməli və saxlanmalıdır”, - deyə S.Qafarov bildirdi.
Nuriyyə NATİQQIZI