"Mənim xüsusi reseptlərim var, onları pasiyentlərimə fərdi şəkildə təqdim edirəm" - Tanınmış dietoloq

İnsanlar arasında geniş yayılan arıqlama üsullarından biri də detoks sularıdır.
Həqiqətən bu sular arıqlamağa kömək edirmi?
Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən dietoloq Ləman Süleymanova bildirdi ki, hər fəslin özünəməxsus qidalanma üsulu vardır:
"Qış fəslində daha kalorili qidalara üstünlük veririk. İmmunitetin normal fəaliyyəti üçün menyuda ət məhsulları daha çox yer tutur. Belə qidalar qışda daha rahat həzm olunur. Amma həmin qidaları yayda yemək düzgün deyil. Yay fəslinin də özəllikləri var. Qidalanma tempi yaşadığın şəraitə görə - hansı ölkədə, rayonda, istidə və ya ev şəraitində olmağından asılı olaraq dəyişir. Yayda insanlar əsasən istirahətdə olduqları üçün qidalanma vərdişləri də dəyişir. Ümumi yanaşma ilə desək, yayda daha yüngül qidalara üstünlük vermək məsləhətdir".
Dietoloqun sözlərinə görə, yayın ən vacib xüsusiyyətlərindən biri də metabolizmin daha aktiv olmasıdır.
"Bu isə qidaların daha rahat həzm olunmasına səbəb olur. Detoks suları da məhz bu fəslə xas qidalanma vasitələrindən sayılır.
Bəs detoks suyu dedikdə nə başa düşülür? Mütəxəssis kimi tövsiyə edirəm ki, detoks suları yalnız ev şəraitində və eyni gün hazırlanıb içilməlidir. Aptekdə və ya bəzi şirkətlər tərəfindən qablaşdırılaraq satılan detoks suları məsləhət deyil. Çünki həmin suların tərkibi artıq aktivliyini itirir və keyfiyyətli olmur.
Hazır formada göndərilən yeməklərin yanında təqdim olunan detoksların da tərkibinə əlavə maddələr qatılır. Bu isə sağlamlıq üçün risklidir. Ona görə detoks sularını evdə, mütəxəssis resepti ilə hazırlamaq daha məqsədəuyğundur.
Mənim xüsusi reseptlərim var və onları pasiyentlərimə fərdi şəkildə təqdim edirəm. Ancaq onu da qeyd etməliyəm ki, bəzi detoks qarışıqları mədə-bağırsaq və onikibarmaq bağırsaq xorası kimi xəstəlikləri olan şəxslər üçün uyğun deyil. Ona görə detoks istifadəsi mütləq fərdi şəkildə və peşəkar məsləhəti ilə olmalıdır.
Hazır, qablaşdırılmış və şübhəli tərkibli detoks sularından uzaq durun. Ən yaxşı seçim ev şəraitində, təbii inqrediyentlərlə və mütəxəssis nəzarəti altında hazırlanan detokslardır", - deyə L.Süleymanova bildirdi.
Aytəkin TOFİQQIZI