Uşaq inkişafında ən kritik yaş dövrləri - Pediatr AÇIQLADI

Uşaqların sağlam böyüməsi və düzgün inkişafı ailə, cəmiyyət və gələcək üçün böyük əhəmiyyət daşıyır.
Valideynlər uşaqlarının sağlam böyüməsi üçün ən çox hansı yaş dövründə onlara xüsusi diqqət göstərməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-pediatr Nigar Bayramova bildirdi ki, 0–2 yaş dövrü uşaqlarda güvənli bağlanmanın formalaşması dövrüdür və beynin də ən sürətli sinaptik bağlantılar əmələ gətirdiyi bir mərhələdirmərhələdir:
"Digər tərəfdən, bu dövr uşaq orqanizminin fiziki cəhətdən də çox sürətli böyümə və inkişaf göstərdiyi mərhələdir. Etibarlı bağlanmanın təməlləri məhz bu dövrdə atıldığı üçün valideynlərin xüsusilə diqqətli olması vacibdir. Yəni, nələrin qarşısı alınmalıdır? Duyğusal laqeydlik, bağlanma problemləri, eləcə də irəli yaşlarda görülə biləcək özünə inam və sosial çətinliklərin yaranmaması üçün valideynlər pediatr və uşaq inkişafı mütəxəssislərindən bu yaş dövrünə uyğun davranış qaydaları ilə bağlı dəstək almalıdır.
Bu yaşda fiziki inkişaf da çox sürətlidir. Ona görə uşaqların qidalanması düzgün təşkil olunmalı, xüsusən dəmir və D vitamini kimi vacib elementlərə olan tələbatları təmin edilməlidir".
Pediatr daha sonra 3–6 yaş dövrünün önəmindən danışdı:
"Bu yaş dövrü niyə önəmlidir? Çünki bu mərhələdə uşaqlarda xarakterin bünövrəsi formalaşır, emosional zəka isə sürətlə inkişaf edir. Uşaqlar bu yaşda çox sual verir, xəyal gücü artır və oyun vasitəsilə öyrənmə qabiliyyətləri maksimum həddə çatır. Bu dövrdə insanın qarşısındakını anlama, mərhəmət, vicdan kimi duyğularının əsası qoyulur. Ona görə də qaydaların öyrədilməsi, sərhədlərin qoyulması, müstəqillik anlayışının formalaşması və disiplinin yaradılması baxımından 3–6 yaş dövrü xüsusi əhəmiyyət daşıyır. Bu mərhələdə uşaqların həm intellektual, həm də nitq inkişafı aktiv şəkildə gedir və uşaq artıq "mən kiməm?" sualına cavab axtarmağa başlayır. Valideynlərin bu dövrdə də mütəxəssislərlə məsləhətləşməsi, uyğun oyunlar və oyuncaqlar seçmələri vacibdir".
Həkimin sözlərinə görə, 7–12 yaş dövründə isə məktəbəqədər və erkən məktəb dövrü hesab olunur:
"Bu dövr akademik və sosial inkişaf baxımından əhəmiyyətlidir. Uşaq artıq məktəblə, dostlarla, yeni mühitlə tanış olur. Uğur anlayışı, qaydalara əməl etmə və dəyərlərin formalaşması bu yaşlarda baş verir".
Nigar Bayramova daha sonra qeyd etdi ki, 12–18 yaş dövrü yeniyetməlik mərhələsidir:
"Bu dövr şəxsiyyət böhranı, ədalət anlayışı, müstəqillik mübarizələri və zehni analizlərin artdığı bir mərhələdir. Yenə "mən kiməm?" sualının ən güclü şəkildə ortaya çıxdığı dövrdür. Yeniyetmələr bu yaşda cəmiyyətdəki rollarını, öz mövqelərini axtarırlar".
Pediatr bildirdi ki, əgər xülasə edəcək olsaq, bu qədər yaş mərhələləri içində ən vacibi ilk 6 ildir.
"Biz bu dövrə erkən yaş dövrləri deyirik. Xüsusilə də ilk 3 yaş. Çünki beynin inkişafının 80%-i bu dövrdə baş verir. Bu səbəbdən də bu mərhələ həm erkən fürsətlər dövrü, həm də kritik yaş dövrləri hesab olunur. Uşaqların emosional, sosial və intellektual bacarıqlarının təməli məhz bu dövrdə qoyulur", - deyə Nigar Bayramova bildirdi.
Xədicə BAXIŞLI