Yay aylarının səssiz təhlükəsi: İstivurma necə öldürür? - Həkimdən XƏBƏRDARLIQ

 23:31 24.07.2025     179

Fransada iyunun sonu, iyulun əvvəllərində müşahidə olunan şiddətli istilər səbəbindən 480 nəfər ölüb. 

Bəs istidən ölüm halı necə baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, əfsuslar olsun ki, yay aylarında bizim çox gördüyümüz istivurma, günvurma adətən orqanizmin temperatur tənzimlənməsi pozulduqda və daxili bədən temperaturu kritik səviyyəyə çatdıqda baş verir. Onun sözlərinə görə, bu da həyati təhlükəli və təcili tibbi yardım tələb edən bir durumdur:

"İstivurmanın üç dərəcəsi var. Üçüncü dərəcədə, nə zaman ki, bədən temperaturu 40 dərəcədən yüksək olur, zülal denaturasiyası baş verir. Bundan əlavə, su-duz mübadiləsi pozulduqda beyin qan dövranı da pozulur və nəticədə orqanizmdə həm hüceyrə strukturları zədələnir, həm də hədəf orqanlar – beyin, ürək, böyrəklər zədələndiyi üçün çoxsaylı orqan çatışmazlığı baş verə və insan həyatını itirə bilər. Xüsusilə də risk qruplarına daha çox uşaqlar və 65 yaşdan yuxarı insanlar aiddir. Çünki bu cür insanlarda termorequlyasiya, yəni istinin alınıb-verilməsi tənzimləyici mexanizmi zəif işlədiyi üçün bu problemlə daha tez-tez və daha ağır şəkildə qarşılaşa bilərlər".

Həkim qeyd etdi ki, istivurmanın əsas əlamətləri ümumi halsızlıq, başgicəllənmə, baş ağrısı, güclü tərləmə, hərarətin yüksəlməsi, ürəkbulanma, qusma, hətta ağır hallarda huşun itməsi və epileptik qıcolmalara qədər gətirib çıxara bilir:

"Bu cür halların baş verməməsi üçün həkimlər olaraq insanlara tövsiyəmiz odur ki, qızmar günəş şüaları altında olmasınlar. Xüsusilə dənizə getdikləri zaman günorta saat 12-dən sonra deyil, axşam saat 5-6-dan sonra getsinlər. Gün ərzində bol maye qəbul etsinlər. Açıq havada işləmək məcburiyyəti varsa, mütləq şəkildə baş geyimlərindən istifadə etsinlər, açıq rəngli, əlvan tonlarda və pambıq parçadan olan geyimlərə üstünlük versinlər. Fiziki aktivliyi azaldaraq, sərin yerlərdə olmaqla bu durumdan qorunmaq mümkündür. Belə hallarla qarşılaşdıqda isə mütləq şəkildə həmin insanı sərin, kölgəli bir yerə çəkmək, üst geyimlərindən azad edib bədənini soyuq su ilə nəmləndirmək, huşu yerindədirsə, su içirmək lazımdır. İri magistral damarların keçdiyi qoltuqaltı, boyun və ayaqarası nahiyələrə buz qoyulmalıdır. Və eyni zamanda, vaxt itirmədən təcili tibbi yardım çağırıb həmin pasiyenti reanimasiya şəraiti olan bir tibb müəssisəsinə hospitalizasiya etmək vacibdir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən