Mütəxəssislərdən psixoloji rahatlanma tövsiyəsi

 10:51 25.07.2025     80

Mütəxəssislər müasir dövrdə insanların artan informasiya axını və davamlı qərarvermə yükü səbəbindən zehni yorğunluq yaşadığını bildirirlər.

Redaktor.az bu barədə "TrtHaber"ə istinadla xəbər verir.

Klinik psixoloq Rabia Yavuzun sözlərinə görə, zehni yorğunluq beynin diqqət, qərarvermə və informasiya emalı sistemlərinin həddən artıq yüklənməsi nəticəsində yaranır və bu hal özünü unutqanlıq, diqqət dağınıqlığı və qərarvermədə çətinlik kimi göstərir.

Mütəxəssis sosial media, e-poçtlar və bildirişlərin insan beynini fasiləsiz stimullaşdıraraq psixoloji gərginliyi artırdığını qeyd edib. Səssizliyin insanlarda narahatlıq yaratmasının səbəbi kimi beynin daima aktivliyə öyrəşməsi göstərilir.

Rabia Yavuz zehni istirahətin yalnız fiziki tətil və yuxu ilə kifayətlənmədiyini, bu prosesin şüurlu şəkildə informasiya axınından uzaq qalmaqla mümkün olduğunu vurğulayıb. O bildirib ki, zehni istirahət üçün planlaşdırılmamış vaxtlara yer ayırmaq, təbiətdə olmaq, ekranlardan uzaq qalmaq və gündəlik həyatda kiçik fasilələr yaratmaq lazımdır.

Mütəxəssis tətil edə bilməyən şəxslərə də müəyyən üsullarla psixoloji rahatlanma imkanı olduğunu deyib və bu məqsədlə qısa yürüşlər, nəfəs məşqləri və diqqətli şəkildə gündəlik fəaliyyətlərlə məşğul olmağı tövsiyə edib. Uşaqlı ailələrə zehni sərhədləri qorumaq üçün ev daxilində tapşırıqların bölüşdürülməsi, fərdi zamanların ayrılması və digital detoks tətbiq olunması tövsiyə olunur. Uzunmüddətli zehni yorğunluğun nəticəsi olaraq tükənmişlik sindromu, yaddaş zəifliyi və qərarvermədə pozuntular yarana bilər.

Mütəxəssis zehni istirahət üçün vaxtın idarə olunması, anı yaşamaq, sakit mühitdə olmaq və musiqi kimi üsulların faydalı olduğunu bildirib.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən