Fast-food qidalarının tez-tez istehlakı yaddaş zəifliyinə səbəb ola bilər

 17:14 28.07.2025     70

Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, fast-food və yüksək yağ, şəkər tərkibli qidaların tez-tez istehlakı insan beyninə, xüsusilə yaddaş funksiyalarına mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, Avstraliyanın Macquarie Universitetinin alimlərinin nəşr etdirdiyi yeni araşdırmaya görə, həddindən artıq “zibil qida” (junk food) yeyən şəxslərin qısa müddətli yaddaş göstəricilərində əhəmiyyətli zəifləmə müşahidə olunub.

Araşdırmada 100-dən çox gənc könüllü iştirak edib. Onlar iki qrupa bölünüb: birinci qrup 7 gün ərzində balanslı və sağlam qidalarla bəslənib, ikinci qrup isə əsasən burger, kartof qızartması və qazlı içkilərdən ibarət menyu ilə qidalanıb. Həftənin sonunda iştirakçılara yaddaş testləri tətbiq olunub və məlum olub ki, fast-food istehlak edən qrupda diqqət və yaddaş göstəriciləri 30%-ə qədər azalıb.

Tədqiqat rəhbəri doktor Richard Stevenson bildirib ki, yüksək yağ və şəkər tərkibli qidalar beyin bölgələrində xüsusilə də, hipokampda fəaliyyətin zəifləməsinə səbəb olur. Bu da həm qavrama, həm də emosional balans baxımından risk yaradır.

Amerika Bəslənmə Assosiasiyası da bu nəticələri təsdiqləyərək bildirib ki, bu tip qidalar uzun müddətli istehlak olunduqda depressiya, narahatlıq və motivasiya itkisi kimi psixoloji problemləri artırır.

Mütəxəssislər tövsiyə edir ki, insanlar həftəlik rasionlarında təbii və təzə məhsullara – meyvə, tərəvəz, bütöv taxıllar və protein mənbələrinə daha çox yer versinlər. Bu, təkcə fiziki deyil, həm də zehni sağlamlıq üçün əhəmiyyətlidir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən