Həddindən artıq şəkər qəbulu beyin funksiyalarını zəiflədir

 17:43 28.07.2025     67

Harvard Universiteti Tibb Məktəbi tərəfindən aparılan son araşdırma gündəlik şəkər istehlakının insan beyninə təsiri ilə bağlı mühüm nəticələr ortaya çıxarıb. Tədqiqatın nəticələrinə görə, gündə 50 qramdan çox əlavə şəkər qəbul edən şəxslərdə yaddaş zəifliyi, diqqət dağınıqlığı və zehni yorğunluq halları daha çox müşahidə olunur.

Redaktor.az xəbər verir ki, araşdırma nəticələri “Nature Neuroscience” jurnalında dərc olunub və qlobal miqyasda ictimai sağlamlıq sahəsində ciddi narahatlıq doğurub. Alimlər insanlara təhlükəsiz şəkər sərhədləri çərçivəsində qalmağı, xüsusilə şirin içkilər və hazır məhsullardan uzaq durmağı tövsiyə edir.

Alimlərin 1200 nəfər üzərində apardığı 6 aylıq müşahidəyə əsasən, şirin içkilər və emal olunmuş qidalarla zəngin qidalanan insanların beyin funksiyalarında azalma, hətta erkən yaşda alzheymer riskinin artdığı sübut edilib. Araşdırmaya rəhbərlik edən professor Maria Sanchez bildirib:

“İnsan beyni enerji mənbəyi olaraq şəkərə ehtiyac duysa da, həddindən artıq şəkər qəbulunda neyroloji balans pozulur və bu da uzunmüddətli təsirlər yaradır. Xüsusilə uşaq və yeniyetmələrdə şəkərin beyin inkişafına mənfi təsiri daha qabarıq hiss olunur”.

Eyni zamanda qeyd olunub ki, şəkərin yüksək miqdarda qəbulu dopamin səviyyəsini süni şəkildə artıraraq, qısa müddətli xoşbəxtlik hissi yaratsa da, uzun müddətdə bu hal psixoloji asılılıq, hətta depressiya riskini də artırır.

Nuriyyə NATİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən