Hava dəyişiklikləri oynaq ağrılarını artıra bilər

Böyük Britaniyanın Manchester Universitetində aparılan genişmiqyaslı araşdırma hava şəraitinin oynaqlarda ağrı hissinə təsir etdiyini elmi şəkildə sübut edib.
Redaktor.az xəbər verir ki, “Cloudy with a Chance of Pain” adlanan layihə çərçivəsində 13 minə yaxın insan 18 ay boyunca hava ilə əlaqədar öz ağrılarının vəziyyətini gündəlik olaraq mobil tətbiq vasitəsilə qeydə alıb.
Əsas nəticələrə görə:
-
Rütubətli, yağışlı və aşağı atmosfer təzyiqli günlərdə oynaq ağrılarında əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
-
Temperaturun azalması və havanın nəmişliyi artıq artrit və revmatizm şikayətləri olan insanlarda ağrı səviyyəsini yüksəldib.
-
Günəşli və sabit hava şəraitində isə xəstələrin əksəriyyəti ağrıların azaldığını bildirib.
Layihənin elmi rəhbəri professor Will Dixon bildirib ki, bu araşdırma insanların uzun müddətdir müşahidə etdiyi hava-ağrı əlaqəsini ilk dəfə statistik və texnoloji vasitələrlə sübut edir:“Bu, təkcə tibbi deyil, həm də texnologiyanın sağlamlıqla necə birləşə biləcəyinin gözəl nümunəsidir.”
Mütəxəssislər hava şəraitinə qarşı həssas olan şəxslərə yağışlı günlərdə bədəni isti saxlamaq, yumşaq fiziki fəaliyyətlə məşğul olmaq və ehtiyac varsa, ağrıkəsici vasitələrdən düzgün istifadə etmək tövsiyə edir.
Nuriyyə NATİQQIZI