Dərmanlar niyə ikiqat baha başa gəlir? - VİDEO

Azərbaycanda bir çox dərmanların qiyməti vətəndaşların büdcəsinə uyğun gəlmir. Xarici ölkələrdə daha ucuz başa gələn preparatlar yerli apteklərdə iki dəfə artıq qiymətə təklif olunur.
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, ölkədə dərman preparatlarının qiymətləri optimallaşdırılmalı və daha çox istehlak olunan dərmanların qiymətləri aşağı salınmalıdır. Onun fikrincə, bu istiqamətdə yerli istehsalın təşkili əsas prioritet olmalıdır.
"Yerli istehsal maya dəyərinin azalmasına, nəticədə qiymətlərin də aşağı düşməsinə səbəb ola bilər", - deyə deputat bildirib.
Tibb elmləri doktoru Adil Qeybulla isə qiymət fərqini idxal prosesi ilə izah edir:
"Dərman xaricdən gəlir, gömrükdən keçir, sahibkar üzərinə xərclər qoyur, vergilər əlavə olunur və bu da qiymət artımına səbəb olur. Bəzən Tarif Şurası bu qiymətlərə məcburi qaydada müdaxilə edir".
Səhiyyə Nazirliyindən isə bildirilir ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarına əsasən, ölkədə dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.
"Dərmanlar laborator analizlərdən keçirilir, keyfiyyətə dair rəy əsasında onların dövriyyəyə buraxılması qərara alınır", - deyə qurumun açıqlamasında vurğulanıb.
İqtisadiyyat Nazirliyi də mövzu ilə bağlı rəsmi mövqeyini açıqlayıb. Bildirilir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və dəyişikliklərin edilməsi Tarif Şurası tərəfindən rübdə azı bir dəfə nəzərdən keçirilir:
"Qiymətlər müəyyən edilərkən preparatın tərkibi, dozası, farmasevtik forması, qablaşdırılması və istehsal ölkəsi nəzərə alınır".
Redaktor.az mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edir: