Telefon istifadəsi gənclərdə diqqəti 3 dəqiqəyə endirir

 11:01 04.08.2025     59

Kanadanın Toronto Universitetində aparılan yeni bir araşdırmaya görə, 15–25 yaş arası gənclərin orta diqqət toplama müddəti cəmi 3 dəqiqə 42 saniyəyə qədər azalıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, 2004-cü ildə aparılan oxşar bir araşdırmadakı 12 dəqiqəlik göstəricidən üç dəfə azdır.

Alimlərin sözlərinə görə, bu dəyişiklikdə əsas səbəblərdən biri smartfonlara olan asılılıq və çoxluqla paralel məlumat axınıdır. Xüsusilə də sosial media, bildirişlər və “dərhal cavab vermək mədəniyyəti” gənclərin diqqətini bölür və beyni davamlı “keçid rejimi”nə salır.

Araşdırma müəlliflərindən Dr. Eliza Gordon bildirir:

“Gənclər informasiyanı daha tez qəbul edir, amma eyni zamanda daha tez itirirlər. Bu, həm tədrisdə, həm də gündəlik münasibətlərdə diqqət çatışmazlığı yaradır”.

Tədqiqat zamanı iştirakçılardan 500 nəfər iki qrupa bölünərək telefonlu və telefonsuz şəkildə tapşırıqları yerinə yetiriblər. Telefonla işləyənlərdə tapşırıq keyfiyyəti 28% daha zəif, diqqət müddəti isə təxminən 4 dəqiqə olub. Bu rəqəmlər, müəllimlər və valideynlər üçün düşündürücü siqnaldır.

Alimlər tövsiyə edirlər ki, gündəlik planlama zamanı “rəqəmsiz fasilələr” tətbiq olunsun, dərs və ya iş zamanı telefonlar kənarda qalsın və "mono-tasking" (yəni bir anda tək iş görmək) vərdişi təşviq edilsin.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən