“Uşaqlarda infarkt mümkündürmü?” - Rəşad Mahmudov AÇIQLADI

 17:22 04.08.2025     127

Sumqayıtda 6 aylıq uşaq infarktdan öldü.

Uşaqlarda infarkt ola bilərmi və bu diaqnozun qoyulması üçün hansı tibbi sübutlar tələb olunur?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bildirən Azərbaycanın ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov bildirdi ki, uşaqda infarktın baş verməsi çox nadir rast gəlinən haldır:

"Bu nadir halların səbəbləri arasında doğuşdan gələn ürək qüsurları və tac damarlarında anomaliyalar yer alır. Həmçinin, bəzi hallarda ailəvi, genetik keçişli dominant hiperlipidemiya adlı xəstəliklər uşaqlarda erkən yaşlarda infarkta səbəb ola bilər. Bu, qanda xolesterin səviyyəsinin həddən artıq yüksək olması ilə əlaqəlidir.

Lakin konkret olaraq bu uşağın vəziyyəti ilə bağlı dəqiq fikir bildirmək çətindir. Çünki infarkt diaqnozunu təsdiqləmək üçün əlimizdə kifayət qədər tibbi məlumat və sübut olmalıdır. Məsələn, otopsiya zamanı ürəyin və damarların müayinəsi, anadangəlmə qüsurların olub-olmaması, əvvəlcədən aparılmış exokardioqrafiya nəticələri kimi dəlillər bu məsələyə aydınlıq gətirə bilər. Yəni, ümumi şəkildə desək, uşaqda infarkt mümkündürmü? Bəli, çox nadir də olsa mümkündür. Ancaq bu diaqnozu qoymaq və səbəbi infarkta bağlamaq üçün əlavə və ciddi tibbi araşdırmalara ehtiyac var. Əks halda, bu cür hallara dair nəticə çıxarmaq doğru olmaz",- deyə deputat vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən