Bu vərdiş psixi sağlamlıq baxımından da TƏHLÜKƏLİDİR

Bədən Fokuslu Təkrar Davranışlar Vəqfindən olan həkimlər dırnaq yeməyin ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyini bildiriblər.
Redaktor.az xəbər verir ki, həkimlərin fikirləri "Infobae" nəşrində dərc olunub.
Onların sözlərinə görə, bu vərdiş yalnız əllərin estetik görünüşünü pozmaqla kifayətlənmir, həm də bir sıra tibbi problemlərə yol açır.
Dırnaq dişləmə nəticəsində bakterial və virus infeksiyaları, abseslər, ağız boşluğunun yumşaq toxumalarının zədələnməsi, diş aşınmaları, çənə oynağında funksional pozğunluqlar və bəzi hallarda sümük infeksiyaları osteomielit kimi ciddi problemlər yarana bilər.
Həkimlər psixi sağlamlıq baxımından da bu vərdişin təhlükəli olduğunu vurğulayırlar. Belə ki, dırnaqları zədələnmiş şəxslər utanc hissi ilə sosial təmaslardan uzaqlaşa, bu isə nəticədə emosional təcrid və stressə səbəb ola bilər. Eyni zamanda, dırnaq dişləyən şəxslərdə depressiya və narahatlıq pozğunluqlarına meyil daha yüksək olur.
Mütəxəssislər bu vərdişlə mübarizə aparmağın vacibliyini qeyd edir və ehtiyac yarandıqda psixoloji dəstək alınmasını tövsiyə edirlər.
Aytəkin TOFİQQIZI