Yay aylarında boğaz ağrısı niyə artır və nə etməliyik? - Həkimdən MƏSLƏHƏTLƏR

 12:36 05.08.2025     48

Yay mövsümü xəstəliklərdən uzaq fəsil kimi tanınsa da, təəssüf ki, bəzi sağlamlıq problemləri məhz bu dövrdə daha da aktuallaşır. Xüsusilə boğaz ağrısı, angina və hətta pnevmoniya kimi ciddi hallar havanın isti-soyuq dəyişkənliyi fonunda artmağa başlayır. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova qeyd etdi ki, yay aylarında boğaz ağrısı soyuq su içmək, kondisionerin təsiri, çölün isti, içərinin isə soyuq olması, yəni isti-soyuq dəyişkənliyi, soyuq içkilər və s. səbəblər nəticəsində yaranır:

"Təəssüf ki, bu hallar anginaya, yəni boğaz ağrısına, hətta bəzi hallarda pnevmoniya kimi ağciyər xəstəliklərinə gətirib çıxarır. Tərləmə, isti-soyuq fərqi, nəqliyyat vasitəsində soyuq hava, çöldə isə isti hava bədənin balansını pozur. Bəs nə etmək lazımdır? İlk öncə, təsir edən səbəbi aradan qaldırmaq lazımdır. Ən vacib addım həkimə müraciət etməkdir. Bu, birinci növbəli məsələdir".

Həkimin sözlərinə görə, hər xəstə üçün yanaşma fərqlidir:

"Bəzi pasiyentlərə antibiotik, digərlərinə virus əleyhinə preparatlar təyin edilir. Eləsi var ki, sistem təyin olunur, bəzilərinə əzələ iynəsi yazılır, bəzilərinə isə sadəcə bol maye qəbul edərək bədənini təmizləmək tövsiyə edilir. Bu tamamilə individual yanaşmadır.

Bəzi preparatlar var ki, bu fəsildə orqanizm üçün uyğun deyil. Buna görə də ev şəraitində, qulaqdan qulağa eşidilmiş dərmanları qəbul etmək olmaz. Mütləq həkim müayinəsi və təyinatı olmalıdır. Təyinat düzgün aparıldıqda və dərhal tədbir görüldükdə, isti hava şəraiti nəzərə alınaraq, orqanizm qısa zamanda özünü bərpa edə bilər",- deyə G.Lətifova fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən