Çiy yumurta sağlamlığa necə təsir edir? - Qida eksperti AÇIQLADI

 15:26 05.08.2025     125

Bəzi insanlar səhərlər günə daha enerjili başlamaq və sağlamlıqlarını gücləndirmək məqsədilə fərqli qida vərdişlərinə üstünlük verirlər. Onlardan biri də çiy yumurta istehlakıdır.

Bəs çiy yumurta qəbulunun hansı xeyirləri və ziyanları var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirdi ki, bu məsələ həm xalq arasında geniş yayılıb, həm də mütəxəssislər arasında zaman-zaman müzakirə mövzusu olub.

"Yumurtanın ağında və sarısında yüksək keyfiyyətli zülallar var. Xüsusilə "bioloji dəyəri" çox yüksəkdir. Bu baxımdan bədən üçün əvəzolunmaz amin turşularını təmin edir. Bişirmə prosesi bəzi B qrup vitaminlərini qismən azalda bilər. Çiy formada qəbul edildikdə bu maddələrin məhv olmadığı düşünülür. İdmanla məşğul olan insanlar çiy yumurtanın enerjini və əzələ kütləsini artırdığını düşünür".

Ekspert vurğuladı ki, çiy yumurtanın xeyirləri ilə yanaşı zərərləri də var:

"Yumurtanın qabığında və ya içində ola bilən Salmonella bakteriyası ciddi qida zəhərlənməsi yarada bilər.
Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və zəif immun sistemli şəxslər üçün təhlükəlidir. Çiy yumurtadakı zülalların bioloji əlçatanlığı bişmiş yumurtaya nisbətən daha aşağıdır. Yəni bədən onu bişmiş yumurta qədər effektiv şəkildə istifadə etmir. Əgər çiy yumurta yemək vərdişi varsa və imtina etmək çətindirsə pastörizə olunmuş yumurta istifadə edilməsi tövsiyə olunur.  Alternativ olaraq yarıbişmiş (az bişmiş) yumurta qəbul edilə bilər. Bədənə zülal və enerji vermək üçün yumurtanı bişirərək yemək həm daha təhlükəsiz, həm də faydalıdır", - deyə Fərid Səfərov fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən