Mətbəx bakteriyaların yaranması üçün əlverişli mühitdir

Mütəxəssis Yelena Spetsenko bildirib ki, mətbəx müxtəlif təhlükəli bakteriyaların çoxalması üçün əlverişli yer ola bilər.
Redaktor.az xəbər verir ki, o bu haqda lenta.ru-ya danışıb.
Mütəxəssisin sözlərinə görə, mikrobların əsas çoxaldığı yerlərdən biri qabların yuyulması üçün istifadə olunan mətbəx süngəridir. Rütubətli mühit mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Buna görə də süngər və cır-cındırların həftədə bir dəfə dəyişdirilməsi tövsiyə olunur.
Spetsenko əlavə edib ki, mikroçatlarla örtülü səthlər də təhlükəlidir xüsusilə də taxta kəsici lövhələr.
O qeyd edib ki, belə lövhələrdə patogenlər asanlıqla toplanır və çoxalır. Ət və ya balıq doğrandıqdan sonra bu səthlər sadəcə yaxalanmamalı, qaynar su və ya xüsusi vasitələrlə dezinfeksiya edilməlidir.
Ekspert əlavə edib ki, mətbəx tutacaqları, kranlar, soba və soyuducu qapılarının dəstəkləri də ciddi risk daşıyır çünki yemək bişirərkən onlara çirkli əllərlə toxunulur, lakin nadir hallarda təmizlənirlər.
Soyuducunun içərisi də bakteriyalar üçün əlverişli mühit yaradır. Spetsenkonun sözlərinə görə, çiy ət şirələri, süd məhsullarının damcıları və digər qida qalıqları burada mikrobların inkişafına şərait yaradır. O, soyuducunun ən azı ayda bir dəfə tam yuyulmasını və məhsulların hava keçirməyən qablarda saxlanılmasını tövsiyə edib.
Aytəkin TOFİQQIZI