"Qazlı şirin içkilərin tərkibində olan dadlandırıcılar asılılıq yaradır" - Terapevt

Yay aylarında insan orqaniziminin ehtiyacı olan əsas maddələrdən biri də sudur. Kimi adi suya, kimi isə qazlı sərin içkilərə üz tutur.
Bəs hansı sulardan istifadə sağlamlıq üçün uyğundur?
Redaktor.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, su insan orqanizminin hüceyrə səviyyəsində 90%-ni əhatə edən bir maddədir.
"Susuz həyat olmadığı üçün insanın da suya böyük bir ehtiyacı var. Təbii ki, bu yay aylarında daha da artır. Lakin hansı suyu içməyimiz daha önəmlidir. Çünki biz həkimlər adətən insanlarımıza sadə, otaq temperaturunda olan suları içməyi tövsiyə edirik. Bulaq suları və yaxud da ki, mineral sular içmək daha tövsiyə olunandır, daha orqanizm üçün rahat mənimsənilən, tərkibində bir çox mikroelementlərlə zəngin olduğu üçün bizim həm susuzluğumuzu yatızdırır, həm də maddələr mübadiləsi proseslərində yaxşı yöndən iştirak edir. Lakin əfsuslar olsun ki, insanlarımız bir çox hallarda qazlı şirin içkilərə üstünlük verirlər".
Həkimin sözlərinə görə, qazlı şirin içkilər birinci növbədə mədə-bağırsaq traktımıza mənfi təsir göstərir:
"Çünki qarın daxili təzyiqi artıraraq mədənin aqressiv faktorları olan pepsin, xlorid turşusu və s. kimi aqressiv faktorları qıcıqlandıraraq sonradan qastrit, qastroduodenit kimi xəstəliklərin başlanğıc səbəbi ola bilirlər. Bundan əlavə olaraq tərkibində olan dadlandırıcılar asılılıq yaradır və insan tez-tez həmin sulardan içmək istəyir. Bir də günümüzün bəlası olan energetik içkilər vardır ki, yayda bunlar daha da çox dövr edir. Lakin bunların içində olan bir çox kimyəvi elementlər ciddi şəkildə ürəyin ritm pozğunluğunu yarada bilir və çox qısa bir zamanda bu cür insanlar ürəyin ritm pozğunluğundan əziyyət çəkərək təcili tibbi yardım şöbələrimizə müraciət edərək sonradan gənc yaşlarında kardioloji problemi olan, xroniki xəstəlikləri olan xəstələrə çevrilirlər. Bütün bunları nəzərə alaraq insanlarımıza tövsiyəmiz sadə, qazlı olmayan mineral sulardan istifadə etmələridir".
Aytəkin TOFİQQIZI