Bişirilən yeməklər ev şəraitində necə saxlanılmalıdır? - Ekspert AÇIQLADI

Qidaların bişirilib saxlanılması gündəlik həyatımızda tez-tez rast gəlinən bir haldır.
Bəs qidalar bişirildikdən sonra düzgün formada necə saxlanılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, düzgün saxlama əsas amillərdən biridir.
"Ət, toyuq, balıq bu kimi tez xarab olan məhsullar soyuq şəraitdə saxlanılmalıdır. İstifadə müddəti bitmiş məhsullardan müxtəlif qidalar, yeməklər hazırlanarsa, bu, zəhərlənməyə səbəb ola bilər. Ət, toyuq tam bişirilmədikdə içində müxtəlif mikroorqanizmlər qala bilər. Həmçinin, saxlama şəraiti əsas şərtdir. Bişmiş yeməkləri çiy toyuqla, balıqla, ətlə eyni səthdə saxlamaq olmaz. Bişmiş yeməklərin açıq havada, otaq temperaturunda saxlanılması qətiyyən yolverilməzdir. Burada da müxtəlif zəhərlənmə halları ola bilər. Bişmiş yeməklər bişəndən sonra iki saat ərzində soyuducuya qoyulmalıdır".
Ekspertin sözlərinə görə, sulu yemək bişirirəkən diqqətli olmaq lazımdır:
"Əsas məsələ istifadə olunan suyun təmiz olmasıdır. Bəzən müxtəlif dondurulmuş buzlar açılır, buzlu sudan istifadə edirlər. Buzun nə dərəcədə təmiz olub-olmamağı önəmlidir".
Aytəkin TOFİQQIZI