Yayda konservləşdirilmiş qida yemək qadağandır? - XƏBƏRDARLIQ

"Yay aylarında konservləşdirilmiş qidaların istehlakı aktual olmaqla yanaşı, doğru istifadə edilmədikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər".
Bu fikri Redaktor.az-a qida eksperti Fərid Səfərov yay aylarında konservləşdirilmiş qidaların istifadəsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, isti hava bakteriyaların və toksinlərin inkişafını sürətləndirir:
"Qapağı azacıq belə zədələnmiş və ya yararsız şəraitdə saxlanmış konserv qidada mikroorqanizmlərin çoxalması mümkündür. Zəif saxlanma şərtləri məhsulun strukturunu və təhlükəsizliyini poza bilər. Konservləşdirilmiş qidalar, xüsusilə ev şəraitində hazırlanmış məhsullar "Clostridium botulinum" bakteriyası ilə yoluxa bilər. Bu bakteriyanın yaratdığı toksin son dərəcə ölümcül ola bilər və yayda bu risk daha da artır.
Müsahibimiz yayda konservləşdirilmiş qidalar alıb yeyərkən nələrə diqqət etməli olduğumuz haqqında danışdı:
"Qapağın şişkin olub-olmamasına diqqət edin. Mikrobioloji pozulma ehtimalı var. Məhsulun saxlanma temperaturu 20°C-dən yüksək olmamalıdır. İstehsal və son istifadə tarixi vacibdir. Tərkib siyahısına baxın".
Onun sözlərinə görə, ev konservləri daha təhlükəlidir:
"Sterilizasiya prosesi natamam olduğu üçün botulizm riski daha yüksəkdir. Yayda bu konservlər günəşli otaqlarda və ya isti anbarlarda saxlanırsa, zəhərlənmə halları daha tez baş verə bilər. İstifadədən əvvəl qoxuya, dadına, rənginə diqqət yetirin. Ən kiçik şübhədə istifadə etməyin. Soyuq zəncir tələbi olan konservləri (məsələn, bəzi balıq konservləri) daim soyuducuda saxlayın.
Yay aylarında konservləşdirilmiş məhsulları istifadə etmək qətiyyən qadağan deyil, amma yüksək diqqət və gigiyenik nəzarət tələb edir. Hər bir qutunu ehtiyatla qiymətləndirmək lazımdır, qapaq şişibsə, at getsin".
Aytəkin TOFİQQIZI