Balıq istehlakı uşaqlarda astma riskini azaldır

 16:43 07.08.2025     55

Avstraliya Milli Universitetinin apardığı genişmiqyaslı tədqiqatın nəticələri göstərir ki, uşaqların balıq və dəniz məhsulları ilə zəngin qidalanması onların astma və digər allergik xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat 5-12 yaş arası 3 min uşağın qidalanma vərdişləri və tənəffüs sağlamlığı üzərində aparılıb.

Alimlər bildirirlər ki, balıqda yüksək miqdarda olan omega-3 yağ turşuları iltihab əleyhinə təsir göstərir və tənəffüs yollarının sağlamlığını qorumaqda mühüm rol oynayır. Həftədə ən azı iki dəfə balıq yeyən uşaqlarda astma riskinin 25% azaldığı müəyyən edilib. Bu, xüsusilə hava çirkliliyi və digər allergenlərin artdığı müasir dövrdə önəmli bir məlumatdır.

Mütəxəssislər valideynlərə uşaqlarının qidalanmasına diqqət etməyi və onlara mümkün qədər təbii və faydalı qidalar təqdim etməyi tövsiyə edirlər. Astmanın uşaqlar arasında getdikcə artması ilə əlaqədar olaraq, balanslı və sağlam qidalanma allergiya və tənəffüs problemlərinin qarşısını almaqda vacib amil sayılır.

Eyni zamanda, uşaqlarda allergiya və astma simptomları müşahidə edilərsə, vaxtında mütəxəssisə müraciət etmək, düzgün diaqnoz və müalicə aparmaq da önəmlidir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən