Uşaqlar saçlarını niyə yeyirlər? - Həkimdən AÇIQLAMA

İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bəs uşaqlar niyə öz saçlarını yeyirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-pediatr Günay Rəsulova bildirdi ki, trixofagiya problemi çox zaman psixoloji, bəzi hallarda isə psixiatrik səbəblərlə əlaqəli olur:
“Uşaqlarda bəzən "pika" deyilən bir vəziyyət müşahidə edilə bilər. Pika, yeyilməməsi gərəkən maddələrə qarşı iştahın olması ilə xarakterizə olunan patoloji yemə meyilidir. Bu halın altında çox zaman dəmir, sink kimi mikroelementlərin çatışmazlığı dayanır. Əgər valideyn övladında yeyilməməli şeylərə qarşı iştah hiss edirsə, bu vəziyyət pediatr tərəfindən araşdırılmalıdır”.
Müsahibimiz əlavə etdi ki, uşaq saçlarını qoparıb yeyirsə, bu məsələnin üzərinə ciddi şəkildə düşmək lazımdır:
“Çünki mədədə yığılan saç hissəcikləri "bezoar" adlanan kütləyə çevrilə bilər və bu, bağırsaq keçməzliyi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu cür hallar əsasən psixoloji, bəzən psixiatrik və ya pediatrik səbəblərlə əlaqəli ola bildiyindən, belə bir davranış müşahidə olunduqda, uşaq ilk növbədə pediatr müayinəsindən keçirilməlidir”.
Nuriyyə NATİQQIZI