Yay aylarında körpə uşaqları havaya çıxararkən nələrə diqqət etməliyik? - Pediatr AÇIQLADI

 12:05 11.08.2025     184

Yay mövsümü gəldikdə körpələr üçün təmiz hava gəzintiləri vacib hesab olunur. Lakin isti havalar bu mövzuda biraz narahatlıq yaradır.

Bəs isti havalarda körpələri havaya çıxararkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan pediatr Məhbubə Quliyeva bildirdi ki, isti günəş şüaları və yüksək temperatur körpələrin sağlamlığına zərər verə bilər.

Onun sözlərinə görə valideynlər gəzintini düzgün planlaşdırmalıdır:

"Körpəni günün ən isti saatlarında (11:00–17:00) bayıra çıxarmaq olmaz. Səhər saat 08:00-10:30 arası və axşam saat 18:00-dan sonra hava daha sərin və təhlükəsiz olur. Gəzinti zamanı körpəni birbaşa günəş altında saxlamaq olmaz. Parkda ağac kölgəsi, çətir altı və ya balkonun kölgəli hissəsində körpəni saxlamaq daha düzgün olar".

Pediatr qeyd etdi ki, körpəni havaya çıxararkən pambıq, açıq rəngli və nəfəs alan nazik geyim yeyindirmək daha yaxşıdır.

"Başına yüngül papaq və ya panama qoyulmalıdır ki, günvurmadan qorunsun. 6 aydan böyük uşaqlara qaynadılmış sərin su da verilə bilər. Uşaq arabasının günəşdən qoruyucu örtüyü olmalıdır, amma tam bağlamamalıdır ki, içəridə hava dolaşsın".

Müsahibimiz son olaraq bildirdi ki, isti havalarda körpə üçün ən təhlükəsiz gəzinti vaxtı səhərin sərin havası və axşamüstü saatlardır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən