Yayda da xəstəliklərdən qorunmağın yolları: Həkimdən MƏSLƏHƏTLƏR

 13:14 11.08.2025     149

Çox vaxt yay mövsümündə xəstəliklərin azaldığını düşünürük, amma əslində bu dövrdə də orqanizmimiz müxtəlif xəstəliklərə qarşı həssas qala bilər. İstər istilik, istərsə də dəyişən qidalanma və həyat tərzi səbəbilə sağlamlığımız risk altına düşə bilər.

Bəs orqanizmimizi necə yay mövsümünə necə hazırlamalıyıq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti, həkim-pediatr Nigar Bayramova bildirdi ki, yay aylarında sağlamlığımızı gücləndirmək və soyuq mövsümə hazırlaşmaq mümkündür:

"Bunun üçün günəşin faydalı təsirindən yararlanmaq məqsədilə səhər saat 11:00-a qədər, günortadan sonra isə 16:00-dan sonra açıq havada vaxt keçirmək, eyni zamanda günəş qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur. Su qəbuluna xüsusi diqqət yetirmək vacibdir. Hər kiloqram çəkiyə uyğun maye tələbatını, xüsusilə də təmiz su ilə ödəmək həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Qidalanmada fast food, yüksək karbohidratlı qazlı içkilərdən uzaq durmaq, mövsümə uyğun yüngül, balanslı, tərəvəz, meyvə, göyərti və balıqdan ibarət menyu seçmək məqsədəuyğundur".

Həkimin sözlərinə görə, yaş artdıqca qida miqdarını azaltmaq, fiziki aktivliyi artırmaq sağlamlıq üçün vacibdir:

"Açıq havada yürüyüş, dəniz, günəş , hava vannaları D vitamininin depolanmasına, mitoxondrilərimizin sağlam fəaliyyətinə, immun sistemini güclənməsinə və orqanizmin bərpasına kömək edir. Yay fürsətindən istifadə edib yuxu rejimini  yaxşılaşdıra bilərik. Gecə yuxusunu erkən saatlara almaq və gündəlik 7–8 saat yatmaq stressin azaldılmasına, uşaqlarda isə həm də boy inkişafına müsbət təsir göstərir. Vitamin və mineral balansını qorumaq lazımdır. C və D vitaminləri, maqneziumla zəngin təbii qidalar, eləcə də “T vitamini” – torpaqla təmas fəaliyyətləri (yalın ayaq gəzmək, dənizə girmək, ağaclara sarılmaq, heyvanlarla ünsiyyət) bədənin enerji balansını yaxşılaşdırır.

Yaponların “shinrin-yoku” adlandırdığı meşə vannası stressi, ağrını və iltihabı azaldır, immuniteti gücləndirir, yuxu keyfiyyətini artırır və əzələ problemlərinə müsbət təsir göstərir. Günəşin aktiv saatlarında kölgədə gəzmək, istirahət və iş balansını qorumaq, həmçinin yay fürsətindən istifadə edərək sağlamlıq yoxlanışlarını və həkim müayinələrini həyata keçirmək unudulmamalıdır",- deyə müsahibimiz fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən