Çimərliklərdə uşaqlar infeksiyadan necə qorunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR

 14:26 12.08.2025     112

Yay aylarında hovuz və çimərliklərdən istifadə edən uşaqlarda qulaq, göz və dəri infeksiyalarına tez-tez rast gəlinir.

Valideynlər bu infeksiyaların qarşısını almaq üçün hansı gigiyena qaydalarına xüsusi diqqət yetirməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, yay aylarında hovuz və çimərliklər uşaqlar üçün əyləncə məkanı olsa da, düzgün gigiyena qaydalarına əməl edilmədikdə qulaq, göz, dəri infeksiyaları riski artır.  

"Valideynlərin diqqət etməli olduğu əsas bir neçə məqam var ki, onlardan biri qulaq sağlamlığı üçün suda olarkən qulaq tıxaclarından istifadə edilməsidir. Üzmə bitdikdən sonra qulaqlar yumşaq dəsmalla qurulanmalidir. Qulaq çubuğu istifadə olunmamalıdır, çünki bu, qulaq pərdəsinə zərər verə bilər. Qulaqda ağrı, qaşınma və ya axıntı yaranarsa, dərhal həkimə müraciət edilməlidir. 

Göz üçün isə xlorlu və ya duzlu sudan qorunmaq naminə üzgüçülük eynəkləri taxılmalidir. Təmasda olduqdan sonra gözlər təmiz, axar su altında yuyulmalıdır. Qızartı və ya axıntı olduqda oftalmoloqa müraciət edilməlidir".

Pediatr vurğuladı ki, suyun təmizliyinə diqqət etmək və bulanıq,çirkli sulardan uzaq durmaq vacibdir. 

"Hovuz və dənizdən çıxdıqdan sonra uşağı təmiz su ilə yuyub, dərini nəmləndirmək lazımdır. Şəxsi dəsmal, çimərlik geyimi və üzgüçülük ləvazimatlarını isə paylaşmaq olmaz. Bu infeksiyaların yayılmasına səbəb ola bilər", - deyə pediatr yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən