Uşaqarda qanazlığnın səbəbləri və müalicəsi - Pediatrdan TÖVSİYƏLƏR

Qanazlığı (anemiya) uşaqlar arasında geniş yayılmış sağlamlıq problemlərindən biridir.
Bəs qanazlığı uşaqlarda ən çox hansı səbəblərdən yaranır? Qanazlığı qidalanma ilə nə dərəcədə düzələ bilər, dərman mütləqdirmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirdi ki, qanazlığı, yəni anemiya, uşaqlarda müxtəlif səbəblərdən yarana bilər.
"Ən çox rast gəlinən səbəb dəmir çatışmazlığıdır. Bu hal, adətən, dəmirlə zəngin qidaların ət, qaraciyər, yumurta sarısı az qəbul edildiyi hallarda müşahidə olunur. Digər səbəblərə vitamin çatışmazlıqları xüsusilə fol turşusu və B12 vitamini azlığı, qan itirmə burun qanaxmaları, mədə-bağırsaq qanaxmaları, xroniki xəstəliklər böyrək, ürək, qaraciyər və iltihabi xəstəliklər, irsi qan xəstəlikləri talassemiya, oraqvari hüceyrə anemiyası, eləcə də vaxtından əvvəl doğulma və az çəkili doğuş daxildir.
Qidalanma ilə müalicə yüngül dəmir çatışmazlığı hallarında effektiv ola bilər. Bu zaman qırmızı ət, qaraciyər, toyuq, balıq, yumurta sarısı, paxlalılar, ispanaq, quru meyvələr kimi dəmir mənbələri, həmçinin C vitamini ilə zəngin portağal, kivi və pomidor kimi qidalar tövsiyə olunur. C vitamini dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir".
Pediatr əlavə etdi ki, süd və süd məhsullarının çox miqdarda verilməsi dəmirin sorulmasını zəiflədə bilər.
"Dərman müalicəsi isə orta və ağır dərəcəli anemiyalarda zəruridir. Belə hallarda tək qidalanma ilə bərpa prosesi yavaş gedir və kifayət etmir. Dəmir çatışmazlığı laborator müayinələrlə təsdiqlənibsə, adətən 2-3 ay müddətində dəmir preparatları təyin olunur. Əgər B12 vitamini və ya fol turşusu çatışmazlığı mövcuddursa, müvafiq vitamin preparatları qəbul edilir", - deyə Şəlalə Poluxova bildirdi.
Xədicə BAXIŞLI