"Erkən yaşda aparılan abortlar ciddi fəsadlara yol açır" - Ginekoloq

Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinə görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş, 2 751-i isə 15-19 yaş qrupuna aiddir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ginekoloq Zəhra Vəliyeva bildirdi ki, abort, yəni hamiləliyin süni yolla pozulması, qadın orqanizmi üçün həmişə ciddi risklər daşıyan bir prosesdir.
"Abortun növündən, müddətindən və qadının yaş kateqoriyasından asılı olmayaraq, bu prosedur orqanizmdə müəyyən izlər və fəsadlar yarada bilər. Xüsusilə yeniyetmə yaşlarında yəni 14-18 yaş aralığında abort olunması vəziyyəti daha da ciddi hesab olunur. Yeniyetmə qızlarda reproduktiv sistem hələ tam formalaşmayıb. Uşaqlıq, uşaqlıq boruları, uşaqlıq boynu və daxili cinsiyyət orqanları tam yetkin deyil, reproduktiv funksiyalar hələ tam işlək vəziyyətə gəlməyib. Bu səbəbdən, erkən yaşda aparılan abortlar müxtəlif ciddi fəsadlara yol açır. Bunlar arasında uşaqlığın və boruların iltihabları, cinsiyyət orqanlarının infeksiyaya qarşı həssaslığının artması, gələcəkdə ikincili sonsuzluq riski, təkrarlanan pozulmuş hamiləliklər, hətta ölü dölün doğulması halları da müşahidə edilə bilər".
Ginekoloq əlavə etdi ki, yeniyetmə orqanizmində qan göstəriciləri, hormonal balans və digər daxili orqanların funksiyaları da abort sonrasına mənfi təsir göstərə bilər:
"Məsələn, qanaxma riski, anemiya, hormonal pozğunluqlar və immunitet sistemində zəifləmə halları erkən abortlardan sonra daha tez-tez müşahidə olunur. Erkən yaşda abort yalnız fiziki deyil, həm də psixoloji təsir yarada bilər. Yeniyetmə orqanizmində cinsi inkişaf prosesi davam etdiyi üçün, abortdan sonra travma, qorxu və emosional stress də uzun müddətli fəsadlara səbəb ola bilər.
Erkən yaşda abortların qarşısının alınması, gənc qızların sağlamlığının qorunması üçün təhsil, cinsi tərbiyə və təhlükəsiz reproduktiv sağlamlıq haqqında məlumatlandırılmanın artırılması həyati əhəmiyyət daşıyır. Həkimlər və valideynlər birgə şəkildə yeniyetmələri risklərdən qorumaq, onların sağlam reproduktiv inkişafını təmin etmək üçün çalışmalıdırlar", - deyə Zəhra Vəliyeva qeyd etdi.
Xədicə BAXIŞLI