Uşağın saç yemə vərdişi nə qədər təhlükəlidir?

Bəzi uşaqlar öz saçlarını, bəzən isə başqalarının saçlarını yemə vərdişi göstərə bilər. Bu vərdiş – trixofagiya – yalnız psixoloji bir problem deyil, həm də uşağın mədə və bağırsaq sağlamlığı üçün ciddi risklər yarada bilər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-pediatr Şəlalə Poluxova bildirdi ki, trixofagiya uşağın öz saçını və ya bəzən başqasının saçını yemə vərdişidir. Bu vəziyyət bəzən trikotillomaniya (saç yolma vərdişi) ilə birlikdə də müşahidə olunur:
"Uşaq əvvəl saçını yolur, sonra isə bu saçları udur. Saçlar mədədə və ya bağırsaqlarda toplanaraq tədricən böyük tük kütləsinə trixobezoar çevrilir. Bu topa uzun müddət hərəkət etmədiyindən uşağın mədəsində və ya bağırsağında ciddi narahatlıqlar yarada bilər. Bəzən tük kütləsi o qədər böyük olur ki, rapunzel sindromu adlanan nadir vəziyyət baş verir, bu zaman tük kütləsi mədədən bağırsaqlara doğru uzanır".
Müsahibimiz əlavə etdi ki, trixofagiyanın arxasında adətən psixoloji və ya psixiatrik səbəblər dayanır:
"Stress və emosional gərginlik boşanma, ailədaxili münaqişələr, məktəb və ya bağça ilə bağlı narahatlıqlar belə hallara səbəb ola bilər. Bəzən ailədə yeni bacı/qardaşın doğulması və ya yeni məktəbə başlama kimi dəyişikliklər də bu vərdişin yaranmasına təsir edir. Uşağın bu vərdişi uzun müddət davam edərsə, mədə-bağırsaq sistemində ağırlaşmalar ağrı, qusma, çəki itkisi, qəbizlik və s. baş verə bilər və cərrahi müdaxilə tələb oluna bilər. Valideynlər bu tip vərdişləri müşahidə etdikdə pediatr və uşaq psixoloquna vaxtında müraciət etməlidirlər. Uşağın davranışlarını qınamadan, anlayışla qarşılamaq və səbəbləri anlamağa çalışmaq vacibdir".
Nuriyyə NATİQQIZI