Pişiklərdən insanlara keçən təhlükəli xəstəliklər aşkarlanıb

 18:38 14.08.2025     52

Son aylarda aparılan beynəlxalq araşdırmalar pişiklərdən insanlara yoluxa biləcək bir sıra xəstəliklərin mövcudluğunu və onların yaratdığı təhlükəni bir daha gündəmə gətirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Koloradonun Evergreen şəhərində bubonik vəba (Yersinia pestis) diaqnozu qoyulan bir pişiyin ölü tapıldığı bildirilib. Bu, bölgədə ilin ilk belə hadisəsi olub. Xəstəliyin insana yoluxması əsasən bit dişləməsi və ya xəstə heyvanla təmas nəticəsində baş verir. Bubonik vəba yüksək hərarət, titrəmə, baş ağrısı, qusma və limfa düyünlərinin şişməsi ilə müşayiət olunur.

Avstraliyada aparılan başqa bir tədqiqat isə pişik nəcisində olan Toxoplasma gondii parazitinin hər beş insandan birinə yoluxa biləcəyini göstərib. Alimlər infeksiyanın yalnız fiziki sağlamlığa deyil, həm də psixoloji vəziyyətə təsir göstərərək impulsiv davranışları artırdığını, depressiyaya səbəb ola biləcəyini və hətta yol qəzası riskini yüksəltdiyini müəyyən ediblər.

Bundan başqa, quş qripinin (H5N1) pişiklərdə də müşahidə olunması narahatlıq doğurur. ABŞ-da bir süd fermasında üç pişiyin bu virusla yoluxduğu, onlardan ikisinin öldüyü açıqlanıb. Mütəxəssislər ev heyvanlarının, xüsusilə kənd təsərrüfatı təsərrüfatlarına yaxın ərazilərdə yaşayan pişiklərin mütəmadi olaraq nəzarətdə saxlanılmasını tövsiyə edirlər.

Həkimlər qeyd edirlər ki, pişiklərdən insanlara yoluxa biləcək digər xəstəliklərə “cat scratch disease” (Bartonella henselae) və müxtəlif göbələk infeksiyaları da daxildir. Onlar ev heyvanı sahiblərinə gigiyena qaydalarına riayət etməyi, pişiklərin sağlamlıq yoxlamalarını vaxtında etdirməyi tövsiyə edirlər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən